Avropanın nüfuzlu nəşri Edillidə aşkarlanan kütləvi məzarlıqdan yazır
Siyasət

Avropanın nüfuzlu nəşri Edillidə aşkarlanan kütləvi məzarlıqdan yazır

Avropada böyük oxucu auditoriyasına malik "Eureporter" nəşrində Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlığa dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, siyasət üzrə redaktor Nik Pauell "Müharibənin acı mirası: Azərbaycanda kütləvi məzarlıq aşkarlanıb" başlıqlı məqalədə müharibənin nəticələrinin hələ öz ağrı-acısı ilə davam etdiyi qeyd edilir. Müəllif yazır ki, iki il bundan öncə Azərbaycan Ermənistanla münaqişədə ərazilərini azad etsə də, yeni kütləvi məzarlığın aşkarlanması Birinci Qarabağ müharibəsinin ağrılarını bir daha yada salır. Lakin bütün bunlara baxmayaraq, sülh yolu ilə həll üçün diplomatik səylər davam etdirilir.

Məqalədə qeyd olunub ki, Azərbaycanın Qarabağ regionunda yerləşən Edilli kəndində 12 əsgərin kütləvi məzarlığı barədə xəbər və görüntülər mətbuata çıxdı. Aşkarlanan qalıqların kəllə sümüklərində güllə deşikləri və əl-ayağının bağlı olması onların güllələnərək amansızcasına qətlə yetirildiyini göstərir.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Namiq Əfəndiyev bildirib ki, 1994-cü ildə bitmiş Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların tapılması məqsədilə fevral ayından etibarən bu kənd ərazisində qazıntı işləri aparılır. İndiyədək ərazidə 25 insan qalığı aşkar edilib və qazıntılar davam etdirilir.

Məqalədə, həmçinin diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə tapılmış kütləvi məzarlıqla əlaqədar özünün tviter səhifəsində bildirib ki, Edilli kəndi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi (konslager) kimi istifadə edilib. O əlavə edib ki, bu kənddəki kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, hələ də 4000-dək azərbaycanlı hərbçi və mülki şəxsin taleyi naməlum olaraq qalır və Ermənistan itkin düşmüş şəxslərlə bağlı kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycana təcavüzünün tarixi barədə də oxuculara məlumat verilib, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etməsi və hazırda iki ölkə arasında vasitəçilərin köməyi ilə sülh danışıqlarının aparıldığı qeyd edilib.

AZƏRTAC