Avtomobil nəqliyyatının inkişaf imkanları daha da genişlənir
Digər xəbərlər

Avtomobil nəqliyyatının inkişaf imkanları daha da genişlənir

Sərnişinlərin və yüklərin mənzil başına çatdırılmasında avtomobil nəqliyyatının mühüm rolu vardır. İstənilən sayda və istənilən yerdə tez cəmləşmək, heç bir əlavə “yüklə-boşalt” əməliyyatı olmadan  “qapıdan-qapıya” çatdırılmanı təmin etmək onu nəqliyyat sektorunda fərqləndirən üstün xüsusiyyətlərdir. Qısa məsafələrə daşımalarda isə bu nəqliyyat növü demək olar ki, rəqib tanımır. Ümumiyyətlə, dünyada yük və sərnişin daşımalarında liderlik avtomobil nəqliyyatına məxsusdur. Hazırda ölkəmizin daxilində yüklərin 65, sərnişinlərin 90 faizə qədəri  avtomobil nəqliyyatı ilə daşınır. Dağ-mədən sənayesində, tikintidə, kənd təsərrüfatında və ticarətdə avtomobil nəqliyyatından daha çox istifadə edilir.

Azərbaycana ilk dəfə avtomobil ötən əsrin əvvəllərində gətirilib: təbii ki, bu hadisə “neft və milyonlar səltənəti” Bakıda şəhər infrastrukturunun inkişafı ilə bağlı idi. Tarixi statistikaya görə, 1911-ci ildə avtomobillərin sayı 36 ədəd olub, onların rahat hərəkət etməsi üçün bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km təşkil edib. Bundan 100 il sonra respublikamızda avtonəqliyyat vasitələrinin sayı artıq 1 milyonu ötüb keçmişdi. Ən son rəsmi statistikaya görə isə, respublikamızda avtomobillərin sayı 1,4 milyona çatıb, illik artım 3,4 faiz olub.  Avtomobil yollarının ümumi uzunluğu  isə 19 min kilometrdən çoxdur.

Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda geniş avtonəqliyyat parkı formalaşmışdı, iri avtomobil təsərrüfatları fəaliyyət göstərirdi və xüsusi nazirlik tərəfindən idarə olunurdu. Nəqliyyat sektorunun, o cümlədən avtomobil təsərrüfatının həmin dövrdə yüksək inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamızda 1982-ci ildə bütövlükdə nəqliyyatın yük dövriyyəsi 57,5 milyard ton-kilometr təşkil etmiş və 1969-cu illə müqayisədə 42 faiz artmışdı. Sovet hakimiyyətinin son illərində o vaxtkı Nəqliyyat Nazirliyinin tabeliyində 140 avtonəqliyyat, 9 sənaye, 11 tikinti müəssisəsi vardı...

Dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı bir neçə ildə respublikaya səriştəsiz rəhbərliyin mənfi nəticələri yol-nəqliyyat infrastrukturunda da özünü göstərdi: avtonəqliyyat parkı ciddi itkilərə məruz qaldı, idarəetmədə çoxsaylı neqativ hallar baş verdi. Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı və müstəqil dövlət quruculuğuna başlamasından sonra, digər sahələrdə olduğu kimi, avtonəqliyyat sektorunda da islahatlar həyata keçirildi, bazar iqtisadiyyatı şəraitində bu sektorun fəaliyyətinin dövlət tənzimlənməsi sisteminin, müvafiq hüquqi-normativ bazanın, qanunvericilik əsaslarının yaradılması istiqamətində məqsədyönlü addımlar atıldı. Dövlət əmlakının özəlləşdirilməsi proqramları çərçivəsində avtomobil nəqliyyatı müəssisələri xüsusi mülkiyyətə verildi, sahibkarlıq subyektlərinə çevrildilər. Bununla yanaşı, əhalinin və iqtisadiyyatın avtonəqliyyat xidmətlərinə tələbatının ödənilməsinə dövlət də öz dəstəyini davam etdirdi, müxtəlif adlarla dövlət nəqliyyat xidməti strukturları təşkil olundu. Eyni zamanda, yol-nəqliyyat kompleksində vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yenidən Nəqliyyat Nazirliyi yaradıldı və iyirmi ilə yaxın bir müddətdə fəaliyyət göstərdi... Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, eləcə də dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərin tənzimlənməsi və dövlət nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə 2008-ci il aprelin 1-də “Avtomobil nəqliyyatı haqqında”  Azərbaycan Respublikasının Qanunu qəbul olundu və onun tətbiqi ilə əlaqədar Nəqliyyat Nazirliyinin tərkibində “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” yaradıldı. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda fəaliyyətini davam etdirən bu qurum əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini, ümumən, avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. DANX-nin 10 regional şöbəsi vardır.

Avtomobil nəqliyyatı ölkə iqtisadiyyatının dinamik inkişafına öz töhfələrini verməklə yanaşı, əhalinin məşğulluq probleminin həllinə, sosial rifaha öz müsbət təsirini göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı 2009-2019-cu illəri əhatə edən məlumatına görə, avtomobil nəqliyyatı müəssisələrində (hüquqi şəxslər üzrə) çalışanların orta illik sayı on il ərzində 11465 nəfərdən 26836 nəfərə, orta aylıq əməkhaqqı isə 366 manatdan 711,5 manata qədər artıb. Ən yüksək əməkhaqqı yükdaşıma sahəsində qeydə alınıb - 864 manat (2009-cu ildə 421,7 manat olub). Statistika həvəskarları üçün ayrıca qeyd edək ki, avtonəqliyyat xidmətləri bazarında fəaliyyəti rəsmi qeydə alınmış fərdi sahibkarların - fiziki şəxslərin və ya muzdlu işçilərin sayı üzrə son statistik rəqəm 55153 nəfərdir (2019-cu il).

Yeri gəlmişkən, ölkəmizin ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Bu sənəd onlara vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra verilir. “Fərqlənmə nişanı”nı almaq şərtləri barədə müvafiq məlumatı müvafiq qurumlardan əldə etmək lazımdır.

Avtomobil nəqliyyatının inkişaf səviyyəsi avtomobillərin sayı və bu sahədə xidmətin səviyyəsi ilə yanaşı yolların uzunluğu və keyfiyyəti ilə müəyyənləşir. Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı sayəsində ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 24-27-ci yerləri bölüşür. Prezident İlham Əliyev bu ilin əvvəlində Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.

Ölkələrarası yük və sərnişin daşımalarında mühüm yer tutan avtomobil nəqliyyatının səmərəli fəaliyyəti üçün beynəlxalq norma və prinsiplərə əməl etmək zəruridir. Avtomobil nəqliyyatı sahəsində Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Nəqliyyat Əlaqələndirmə Müşavirəsi kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri olan ölkəmiz  bu sahə üzrə ümumilikdə 12  beynəlxalq konvensiya, saziş və müqaviləyə qoşulub.  Bundan başqa, Azərbaycan hökuməti beynəlxalq avtomobil daşımaları ilə bağlı 23 ikitərəfli saziş imzalayıb. Bir sıra ölkələrlə isə saziş layihələri müvafiq prosedurları keçməkdədir.

Son dövrlərdə ölkəmizdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. Böyük rəqabətin böyük olduğu yükdaşımalar bazarında Azərbaycanın yerli şirkətlərinin dəstəklənməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə dövlət-özəl sektoru tərəfdaşlığı istiqamətində addımlar atılır, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirmələrinə dəstək göstərilir. Onu da qeyd edək ki, əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat növlərinin, o cümlədən avtomobil nəqliyyatının inkişafı ölkəmizdə cəlbedici logistika mərkəzlərinin yaradılmasında mühüm rol oynayır. İnamla deyə bilərik ki ki, Azərbaycan regional logistika lideri statusunu ilbəil möhkəmləndirir.

Ölkəmizdə respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu 4,7 min kilometrdən çoxdur. İşğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra isə bu yollara daha 2 min kilometr əlavə olunacaq. Azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları ölkəmizin nəqliyyat-logistika sektorunun inkişafı üçün imkanları daha da genişləndirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin 2020-ci il 10 noyabr tarixli Bəyanatına əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə respublikamızın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflər həmçinin Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşa edilməsinə razılaşıblar. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində adı “Zəngəzur dəhlizi” kimi tam rəsmiləşən bu nəqliyyat kommunikasiyaları ölkəmizdə avtomobil nəqliyyatının inkişaf imkanlarını genişləndirməklə, bu sektorda yerli və beynəlxalq yük və sərnişin daşımalarının həcmini əhəmiyyətli dərəcədə artırmasına səbəb olacaqdır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.