Axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
Digər xəbərlər

Axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun "Rafat LTD" MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində 2017-ci il noyabrın 17-də həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

N.Kərimov 2022-ci il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb. O, fevralın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan Azərbaycana gətirilib.

AZƏRTAC