Azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulmasında  müasir texnologiyalara və qabaqcıl layihələrə üstünlük  verilir
Siyasət

Azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulmasında  müasir texnologiyalara və qabaqcıl layihələrə üstünlük  verilir

Şəhərlərimiz, kəndlərimiz 30 il ərzində  xəbis, pisniyyətli yağı düşmən tərəfindən  dağıdılıb, viran qoyulub. Bu illər ərzində yalnız talançılıqla məşğul olaraq daş üstə daş qoymayan mənfur ermənilərin dağıtmadığı, yerlə-yeksan etmədiyi bir tikili qalmayıb. Sözün əsl mənasında xarabalığa çevrilən ərazilərimizə baxdıqca bu vəhşiliyi törədənin  insan olub- olmadığına şübhə  edirsən. Axı, yer üzünün əşrəfi sayılan insan  qurub-yaratmaq üçün gəlib dünyaya...

Düşmən ölkə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə  Azərbaycanın icazəsi olmadan  qanunsuz fəaliyyət göstərib. Ümumilikdə,  işğal olunmuş ərazilərimizdə ermənilərin  törətdiyi ekoloji terrora 20-dən artıq ölkənin – o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri də  qoşulmuş, bu ərazilərə investisiya yatıraraq Azərbaycanın təbii sərvətlərini  qəddarlıqla istismar etmiş,  qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır. Həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ölkəmizin iqtisadiyyatı ilə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır. Belə ki, meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş,  torpaq sahələri deqradasiya olunmuşdur. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində  mövcud olan 260 min hektara yaxın meşə ərazisi  son 30 il ərzində sürətlə azalmış, qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar, minlərlə hektar ərazini əhatə edən meşələr oduncaq tədarükü üçün qırılmış və qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resurslarından mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılmışdır.

Bu illər ərzində ermənilər bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış,  yüzlərlə mədəniyyət abidələrimizi yerlə yeksan etmiş, Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarını dəyişdirib özününküləşdirmiş, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv etmiş, işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi və mədəni irsimizi məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv etmişdir. Bu əməllər isə ümumilikdə, bəşəriyyətə qarşı mənəvi soyqırımı, bəşər mədəniyyətinə qarşı təcavüz hesab olunur.

Bu gün uzun illər işğal altında olan torpaqlarımızda vandal ermənilərin  insanlıq  adına yaraşmayan əməllərinin  izləri silinir, viran qoyulmuş kəndlər, qəsəbələr yenidən salınır. Elimizin –günümüzün doğma torpaqlara qayıtması, insanların ata-baba yurdlarında bəxtiyar yaşamaları üçün genişmiqyaslı quruculuq işləri aparılır. 

İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. Görülən işlər, atılan addımlar Böyük Qayıdışın tez bir zamanda reallaşacağından xəbər verir.

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib işlərdən  biri həmin ərazilərin  elektrik enerjisi ilə təchiz edilməsi  oldu. Artıq bu ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işləri demək olar ki, tamamlanmaq üzrədir. Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik Güləbird Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılışı bu ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulmasının yekunlaşacağına əsas verir. 

Bu gün “Azərenerji” və “Azərişıq” ASC-lərin birgə fəaliyyəti nəticəsində  azad edilmiş torpaqlarımız ən müasir texnologiyalardan istifadə edilərək dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur. Belə ki, “Azərişıq” ASC Qarabağda--işğaldan azad olunmuş ərazilərimizdə postsovet məkanında ilk olaraq, “ağıllı şəbəkə” konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir ki, bu,  hətta qeyri-sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək.

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik enerjisi ilə  təminatından sonra Füzulinin  Şükürbəyli stansiyasından Hadruta ikidövrəli xətlər çəkilib. Ən mühüm istiqamət Hadrutdan Çanaqçıya, ordan isə Daşaltıya qədər olan məsafəyə  xəttin çəkilməsidir.   Şuşa isə cəmi 37 gün ərzində elektrik enerjisi ilə tam təmin olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı azad olunmuş ərazilərimizin elektrik enerjisi ilə təmin olunması barədə  deyib: “İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq”.

Bu il may ayının 28- də Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edən ölkə başçısı İlham Əliyev Ağdam şəhərinin  Baş Planını  təsdiqləyib. Plana əsasən vaxtilə ərazisi 700-800 hektar, əhalisi isə 50 mindən yuxarı  olan Ağdam şəhərinin gələcək ərazisi  iki dəfə böyüdüləcək, 100 min nəfər sakin üçün planlaşdırılan Yeni Ağdama daha 8 kənd birləşdiriləcək. Baş plana görə, müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı əsasında  bərpa olunacaq Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulub. Nəqliyyat infrastrukturunda əsas üstünlük piyadalara, ikinci velosiped, sonra ictimai nəqliyyata veriləcək və əsas hərəkət vasitəsi olan  velosipedlər üçün  xüsusi infrastruktur yaradılacaq. Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub.
Plan üzrə Təhsil Nazirliyi Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. Şəhərin abadlaşdırılması istiqamətində  görülən işlərdən biri də  müasir bağlar  və yaşıl zonaların salınmasıdır. Bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellərin fəaliyyəti  də nəzərdə tutulur. “Ağıllı” və ya “dayanaqlı” şəhər prinsipinə uyğun olaraq bərpa olunan Yeni Ağdamda artıq 140 illik tarixi olan 1 saylı məktəbin, ərazisi təqribən 200 hektara yaxın olan  Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun və böyük meşə sahəsinin  təməli qoyulmuş, eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulmuşdur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib, İşğal muzeyi və Zəfər muzeyi üçün yer müəyyənləşdirilib. Şəhərin içində salınacaq 125 hektarlıq meşə zolağı , süni göl, kanallar, körpülər şəhərə başqa bir gözəllik verəcək. Bir sözlə,  Ağdam Qarabağın iqtisadi-mədəni cəhətdən ən böyük şəhəri, turizm və mədəniyyət mərkəzi olacaq. 

Avqust ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin Baş Planı təqdim olunub. Böyük Britaniyanın “Chapman Taylor”şirkəti tərəfindən hazırlanan Baş Planda şəhərin tarixi əzəmətinin qorunması əsas götürülərək həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da planda nəzərdə tutulub. Dayanıqlı və komfortlu  şəkildə qurulacaq Şuşanın  Baş planına əsasən  ilk olaraq şəhərdə küçə-yol infrastrukturu yaradılacaq. 200-ə qədər tarixi abidənin əksəriyyəti bərpa  olunacaq, şəhərin mərkəzində  4-5 mərtəbəli yaşayış və ictimai-işgüzar binalar, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscid kompleksi tikiləcək. Təqdim olunan Baş Planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3,4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

 İşğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələrini qısa müddət ərzində aradan qaldırmaq və Dağlıq Qarabağ və ətraf rayonları gülüstana və turistlərin ən çox sevdiyi məkanlardan birinə çevirmək məqsədilə  bərpa və yenidənqurma işləri sürətlə davam edir. Ermənistanın 30 illik işğal müddətində Azərbaycan ərazisində basdırdığı minaların xəritəsini verməməsi Qarabağda yenidənqurma və bərpa işlərinə maneələr yaratsa da, bütün çətinliklərə baxmayaraq düşmən tərəfindən viran qoyulan  bu yerlər  tarixiliklə müasirliyin vəhdətində yenidən tikilir, bərpa edilir. Azərbaycanın dilbər guşəsi Qarabağ yaxın illərdə bütün dünyanı heyrətə gətirəcək,  aləmi heyran qoyacaq dərəcədə yenidən  yaradılır.

                                                                           Mehparə ƏLİYEVA,

                                                                              “Respublika”.