AZAL hava gəmiləri parkına yeni “Boeing 787 Dreamliner
Digər xəbərlər

AZAL hava gəmiləri parkına yeni “Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti  hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu  çərçivəsində baş tutub.

Qeyd edilən hava gəmilərinin 2025-2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

"AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətimizdə bu tip iki layner istismar edilir. İmzalanmış Memorandum AZAL və "Boeing" arasında mövcud olan yüksək səviyyədə qarşılıqlı faydalı aviasiya tərəfdaşlığının təzahürüdür.  Aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsi "Azərbaycan Hava Yolları"nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcək", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

"Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil  isə  qeyd edib ki, bugünki saziş bütün dünyada müşahidə etdiyimiz səyahətə artan tələbatı təmin etmək üçün hava gəmiləri parkını yeniləyən "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə uzunmüddətli əməkdaşlığımızın davamıdır. "Boeing-787" hava gəmiləri hava daşımaları bazarının tənəzzülü zamanı dünya aviaşirkətləri tərəfindən digər geniş füzelyajlı təyyarələrlə müqayisədə daha fəal istismar olunmuşdur. Biz bu tip hava gəmisinin imkanları və xüsusiyyətlərinə arxayınıq.

Qeyd edək ki, Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir. Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanmışdır. FİA-da  ümumilikdə  80 mindən çox ziyarətçinin, təxminən 1500 aviakosmik sənaye mütəxəssisinin iştirakı gözlənilir.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti.