AZAL-ın təyyarəsi Şərqi Zəngəzurda Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib
Digər xəbərlər

AZAL-ın təyyarəsi Şərqi Zəngəzurda Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib

Sentyabrın 9-da "Azərbaycan Hava Yolları"nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirmiş və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enmişdir. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil etmişdir.

"Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub. Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyinə görə Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həllində mühüm rol oynayacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi  müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da dünya standartlarına və tələblərinə cavab verir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib. Qeyd edək  ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilmişdir. Perronun sahəsi 60 min kvadratmetrdir.

Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilmiş, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilmiş və hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edən HHİ qülləsinin tikintisi başa çatdırılmışdır.

Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.

"Azərbaycan Hava Yolları" QSC-nin

Mətbuat xidməti.