AZAL yeni yüksəklikləri fəth edir və dünya miqyasında tanınır
Digər xəbərlər

AZAL yeni yüksəklikləri fəth edir və dünya miqyasında tanınır

AZAL-ın nailiyyətləri və uğurlu nəticələri yenidən layiqincə qiymətləndirilib və beynəlxalq miqyasda yüksək səviyyədə tanınıb. Belə ki, Azərbaycan aviaşirkətləri növbəti dəfə dünya mülki aviasiyasında göstərdikləri yüksək səviyyəli xidməti təsdiq ediblər.

Azərbaycanın milli aviadaşıyıcısı və ölkənin ilk aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" şirkəti Skytrax tərəfindən dünya miqyasında World Airline Awards 2022 nominasiyasında "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" və "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" nominasiyasının qalibi olmuşdur.

Yüksəksəviyyəli fəaliyyətinə görə Azərbaycan aviaşirkətləri müxtəlif nominasiyalarda qalib olmuş və sərnişinlər tərəfindən müsbət qiymətləndirilmişdir. Qeyd edək ki, Skytrax versiyasına görə ən yaxşı aviaşirkət uğrunda bu yarışma miqyası və rəqabətliliyi ilə fərqlənir.

"Azərbaycan Hava Yolları" aviaşirkəti bu kateqoriyada 11-ci dəfə mükafata layiq görülüb. Etibarlılıq və qənaətbəxş xidməti ilə seçilən nisbətən gənc aviaşirkət olan "Buta Airways" isə ilk dəfə "Skytrax" tərəfindən nominasiyada qalib olub.

"World Airline Awards" - aviasiya sahəsində ən statuslu mükafatlardan biridir. Məhsulun keyfiyyəti, sərnişinlərə göstərilən xidmətin səviyyəsi və uçuşların təhlükəsizliyi qiymətləndirmənin əsas meyarlarıdır. AZAL brendinin bu mükafata layiq görülməsi Azərbaycan aviaşirkətlərinin qlobal aviasiya bazarında mükəmməl fəaliyyətinin parlaq təzahürüdür. Bu, dünya və Azərbaycan mülki aviasiyası üçün son dərəcə çətin şəraitdə - pandemiya şəraitində əldə edildiyi üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, çətinliklərə və çağırışlara baxmayaraq, bu dövr ərzində Azərbaycan aviaşirkətləri sərnişinlərə keyfiyyətli xidmət göstərmiş, uçuşların təhlükəsizliyinin və rahatlılığını yüksək səviyyədə təmin etmişlər. Etibarlı və gənc hava gəmiləri parkı, uçuşların coğrafiyasının davamlı olaraq genişləndirilməsi, yüksək səviyyəli xidməti və təhlükəsizliyi - "Azərbaycan Hava Yolları" və "Buta Airways" şirkətlərinin beynəlxalq arenadakı uğurlarına zəmanət verir.

Sentyabrın 23-də dünyanın ən qədim paytaxtlarından və "Azərbaycan Hava Yolları"nın marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri olan Londonda Azərbaycan aviaşirkətlərinin təntənəli mükafatlandırma mərasimi baş tutumuşdur. "Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan "Skytrax" bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Qeyd edim ki, AZAL-ın bütün nailiyyətləri və uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olmuşdur. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətləri tərəfindən göstərilən xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

"Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" mükafatına 11-ci dəfə layiq görülməsi "Azərbaycan Hava Yolları" aviaşirkətinin çox böyük nailiyyətidir. Son 18 ayın bütün çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi "Azərbaycan Hava Yolları"nın rəhbərliyi və bütün kollektiv üçün qiymətlidir", - deyə "Skytrax"ın icraçı direktoru Edvard Playsted bildirib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda "Skytrax" şirkətinin ən yüksək reytinqinin - "5 Ulduz" mükafatının sahibidir. O, həmçinin Skytrax World Airport Awards versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə sahib olub.

"Skytrax" müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir. Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif sorğular keçirir. Xatırladaq ki, "Azərbaycan Hava Yolları" sərnişin aviaşirkəti həmçinin, "Skytrax" tərəfindən "4 ulduz" reytinqinə layiq görülmüşdür. Bu status aviaşirkət tərəfindən havada və yerdə təklif edilən xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən formalaşır.

 Mehparə Əliyeva,

 "Respublika".