Azərbaycan-ABŞ əlaqələri qarşılıqlı etimada əsaslanır
Siyasət

Azərbaycan-ABŞ əlaqələri qarşılıqlı etimada əsaslanır

Ötən ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin işğalçı Ermənistan ordusuna qarşı apardığı uğurlu əks-hücum əməliyyatı və əldə etdiyi möhtəşəm qələbə xalqımızın mübarizə əzmi ilə yanaşı, dövlətimizin hərbi qüdrətini də bütün dünyaya nümayiş etdirdi.

Nüfuzlu ekspertlərin rəyinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi və nailiyyətləri öyrənilməyə layiqdir. Hətta bu müharibədə tətbiq edilən müasir silah sistemləri və döyüş strategiyası dünyanın aparıcı dövlətlərinin hərbi quruculuq və hərbi sənaye məsələlərinə yanaşmasında ciddi təshihlərə səbəb olub.

Təəssüf ki, Ermənistan tərəfi ağır və sarsıdıcı məğlubiyyətdən nəticə çıxarmağa tələsmir, bu ölkədə hələ də revanşizm meyilləri güclüdür. Siyasi böhran içərisində çabalayan, müstəqil dövlətçiliyi təhlükə qarşısında qalan Ermənistanda hakimiyyətə can atan bəzi qüvvələr mənəvi tənəzzül keçirən erməni cəmiyyətini qisasçılıq zəminində ümidləndirməyə cəhd göstərirlər. Lakin Prezident İlham Əliyev onlara və havadarlarına dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycana qarşı hər hansı təhdidin qarşısı dərhal alınacaq, erməni faşizminin yenidən baş qaldırmasına imkan verilməyəcək.

Dövlətimizin başçısı ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirir. Vətən müharibəsindən ötən dövr ərzində keçirilən hərbi təlimlər, silahlı qüvvələrimizin maddi-texniki bazasının, ən müasir silah-sursat və hərbi texnika ilə təchizatının möhkəmləndirilməsi də bu məqsədə xidmət edir.

Bu gün ölkəmiz yerli müdafiə sənayesini inkişaf etdirməklə yanaşı, öz arsenalını dünyanın aparıcı silah-sursat və hərbi avadanlıq istehsalçılarının məhsulları ilə zənginləşdirir, ən müasir döyüş vasitələri əldə edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ - Stockholm İnternational Peace Research İnstitute) açıqladığı məlumatlara görə, son 5 ildə - 2015-2019-cu illərdə dünya üzrə qeydə alınan ümumi silah idxalının 0,8%-i Azərbaycanın payına düşüb. Bu göstəriciyə görə, biz postsovet məkanında yalnız Qazaxıstandan geri qalırıq, lakin Braziliya, Meksika, Niderland kimi ölkələrdən öndəyik. Hərbi təyinatlı məhsulları isə ən çox İsraildən, Rusiyadan və Türkiyədən alırıq. Son illərdə Türkiyə bu sırada önə keçməkdədir.

Azərbaycan dünya silah bazarının lideri olan Amerika Birləşmiş Ştatlarından da hərbi avadanlıqlar almaqda maraqlıdır. Prezident İlham Əliyev mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı bu barədə fikirlərini açıqlayıb. Dövlətimizin başçısı deyib: “Biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bu günədək təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm”.

Onu da qeyd edək ki, Co Bayden administrasiyası bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırılmasını və növbəti büdcə ilində də Azərbaycana birbaşa hərbi yardım verilməsini qərarlaşdırıb. Administrasiyanın qərarı barədə ABŞ dövlət katibi Entoni Blinken aprelin 28-də Prezident İlham Əliyevə telefonla zəng edərkən bildirib. Xatırladaq ki, 907 saylı düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Ermənistanın guya Azərbaycan tərəfindən mühasirəyə alınmasına görə qəbul edilib və ölkəmizə yalnız humanitar yardım göstərilməsini nəzərdə tutur. Düzəlişə görə, ABŞ-ın Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilirdi. Lakin 2002-ci ildə ABŞ Konqresi Prezidentə bu sənədin hüquqi qüvvəsini dayandırmaq və Azərbaycana hərbi yardım göstərmək səlahiyyətini verib. Ötən müddətdə ABŞ tərəfindən ölkəmizə, əsasən, terrorla mübarizə əməliyyatları, narkotiklərin dövriyyəsinin qarşısının alınması, mütəşəkkil cinayətkarlıqla mübarizə, su və quru sərhədlərinin təhlükəsizliyi, hərbi kəşfiyyat əməliyyatları sahəsində tərəfdaşların potensialının artırılması, ABŞ-dan hərbi xidmətlər və ya malların satınalınması, terrorizm əleyhinə, minalardan təmizləmə və bununla əlaqəli layihələr çərçivəsində hərbi yardım göstərilib. Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə ölkəmizin verdiyi 20 illik dəstəyə görə minnətdarlıq bildirib.

Təbii ki, özünün müdafiə və təhlükəsizlik sistemini daim gücləndirmək və müasirləşdirmək istəyən ölkəmiz üçün dünya silah bazarının lideri olan ABŞ-la bu sahədə tərəfdaşlıq etmək çox önəmlidir. Dövlətimizin başçısının da vurğuladığı kimi, 907 saylı düzəlişin dayandırılması şərtlərindən biri məhz ABŞ-dan alınacaq hərbi təyinatlı məhsulların Ermənistana qarşı istifadə olunmaması idi. Azərbaycanın münaqişəni başa çatdırması artıq bu şərtin aradan qaldırılmasına imkan yaradır.

Qeyd edək ki, Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son məlumatı bir daha təsdiq edir ki, ABŞ dünya silah bazarında liderliyini heç kimə güzəştə getmək fikrində deyil. Həmin məlumata görə, dünya silah bazarında satışların 36 faizi ABŞ-ın payına düşür. Dünyanın 25 ən iri silah tədarükçüsünün 12-si Amerika şirkətidir. ABŞ-ın “Lockheed Martin”, “Boeing”, “Northrop Grumman”, “Raytheon” və “General Dynamics” siyahının ilk beşliyində yer tuturlar. Hazırda ABŞ dünyanın 98 ölkəsinə silah satır. Dünyanın 40 ən iri silah idxalçısından 20-si üçün ABŞ ən iri tədarükçüdür. ABŞ silahının beş əsas alıcısı İtaliya, Böyük Britaniya, Yaponiya, Belçika və Səudiyyə Ərəbistanıdır.

Azərbaycan ABŞ-dan hansı silah və hərbi texnikaları almaqda maraqlı ola bilər? Ekspertlərin fikrincə, əsasən, döyüş helikopterlərini, hava hücumundan müdafiə sistemlərini, sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün avadanlıqları və digər yüksək texnologiyalı, müasir silah-sursatı bu siyahıya daxil etmək mümkündür. Üstəlik, bölgədəki digər ölkələrdən fərqli olaraq, Azərbaycanın hərbi məqsədlər üçün büdcədən ayırdığı vəsait dünya silah bazarının ən yaxşı məhsullarını, o cümlədən Amerika silahlarını əldə etmək üçün yetərlidir.

Artıq bölgədə sülhün və əmin-amanlığın təminatçısı kimi Azərbaycanın hərbi-siyasi gücü bütün dünya tərəfindən qəbul edilir. Yeni yaranan mövcud reallıqlar ABŞ hökumətinin də diqqətindədir və Vaşinqtonun bölgədəki maraqlarının təmin olunmasında rəsmi Bakıya etimadın artdığı müşahidə olunur.

Prezident İlham  Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydenə ünvanladığı təbrik məktubunda Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin, ikitərəfli əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu ifadə edib. Məktubda qeyd olunur: “Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”. Keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının təmin edildiyini vurğulayan Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.