Azərbaycan Ağsaqqallar Şurası Anım Günü ilə əlaqədar müraciət yayıb
Sosial həyat

Azərbaycan Ağsaqqallar Şurası Anım Günü ilə əlaqədar müraciət yayıb

Azərbaycan Ağsaqqallar Şurası 27 sentyabr - Anım Günü ilə əlaqədar müraciət yayıb. AZƏRTAC müraciəti təqdim edir.

Bu gün Azərbaycanın Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı xalqımızın səbir kasasını daşdırdı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə qaytarılması prinsipinə sadiq olan Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev təcavüzə son qoymaq üçün əks-hücuma başlamaq barədə Orduya çoxdan gözlənilən əmri verdi. 44 gün davam edən bu müharibədə şanlı Ordumuz özünə "məğlubedilməz" imici yaratmağa cəhd göstərən, yeni ərazilər işğal etməkdə iddialı olan Ermənistan ordusuna sarsıdıcı, onilliklər boyu özünə gələ bilməyəcəyi ağır zərbələr vurdu, onun 6 mindən artıq canlı qüvvəsini, milyardlarla dollar dəyəri olan hərbi texnikasını məhv etdi. Ən başlıcası isə 30 ilə yaxın müddətdə erməni tapdağı altında olan ərazilərimizin çox böyük bir hissəsini işğaldan azad etdi, düşmən ölkə Ermənistanı təslim aktını imzalamağa məcbur etdi. Bu müharibənin gedişində dövlətimizin başçısı İlham Əliyev yalnız müdrik siyasi xadim, uzaqgörən dövlət rəhbəri deyil, həm də hərb işini gözəl bilən müzəffər Sərkərdə olduğunu göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə etməyə cəhd göstərirlər.

Qırx dörd günlük Vətən müharibəsi bütün Azərbaycan xalqının ölkəmizin müdrik rəhbəri İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi, eləcə də qardaş Türkiyənin əvəzsiz mənəvi dəstəyi sayəsində misli olmayan Zəfərlə başa çatdı.

Təəssüf ki, heç bir müharibə qurbansız başa gəlmir. Bu müharibədə Azərbaycanın 3 minə yaxın igid oğlu Qələbə naminə canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Dövlətimiz və xalqımız hərbçilərimizin bu şücaətini heç vaxt unutmur, şəhid ailələrinin və qazilərimizin problemlərinin həlli daim diqqət mərkəzindədir.

Azərbaycan Ağsaqqallar Şurası olaraq bu müqəddəs Anım Günündə şəhidlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbir diləyir, qazilərimizin tezliklə şəfa tapmasını arzulayırıq.

Xalqımız 44 gündən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində düşmən üzərində əzmkar Qələbə qazanılaraq torpaqlarımızın işğaldan azad olunduğu Zəfər Gününü təntənə ilə qeyd edəcəkdir. Həmin gün ölkəmizin ərazi bütövlüyünün bərpası günü kimi xalqımızın yaddaşında daim ən əziz bayramlardan biri kimi qalacaqdır.

AZƏRTAC