Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ
Siyasət

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ

Bu qurumla ölkəmizin əlaqələrinin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dollarıdır. Quruma üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanla strateji tərəfdaşdır. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması Avropanın enerji təhlükəsizliyi baxımından tarixi əhəmiyyət kəsb edən hadisə oldu. Cənub Qaz Dəhlizinin sonuncu — dördüncü seqmenti olan Trans-Adriatik Kəməri istismara verildi. Və yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Eyni zamanda, 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır.

Digər tərəfdən, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında məsələlərin müzakirəsinə yer verildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Beləliklə, bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər də tərəflər arasında geniş müzakirə olunub.

Mövcud, müasir infrastruktur və nəqliyyat Azərbaycana ölkəmizin ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək.

“Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq”. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu fikirləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında səsləndirib.

Geniş tərkibdə görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olunub. Ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində nailiyyətlər barədə çox səmərəli və geniş müzakirələr aparılıb. Dövlət başçısı İlham Əliyev azad edilmiş torpaqlarda gedən işlərlə bağlı və postkonflikt vəziyyət barədə, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında cənab Şarl Mişellə fikir mübadiləsi aparıb.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri bu qurumla ölkəmizin tərəfdaşlığının yaxşı göstəricisidir. Uzun illərdir ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə işləyir. Gündəlik çox genişdir və bizim sıx siyasi təmaslarımız əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.

Hazırda Azərbaycan şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilib. Azərbaycan qonşu ölkələrlə birlikdə 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolunu istifadəyə verdi. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfədir. İstər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat  dəhlizləri ilə Azərbaycan üzərindən daşınacaq yüklərin iqtisadi səmərəsi böyük bir regionda ölkələrin xeyrinə olacaq.

Şarl Mişelin Azərbaycana işgüzar səfərində tərəflər arasında dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlı müzakirələr də aparılıb. Avropa İttifaqı Şurası prezidentinin fikrincə, Şərq Tərəfdaşlığı ölkələrinə səfəri gözləntiləri müəyyən etmək məqsədi daşıyır. Tərəfdaşlarla dialoq nəticələrinə əsasən Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edirlər.

Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazın üç ölkəsinə səfərinin əhəmiyyətinə diqqətçəkən dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik: “Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”.

Şükür ƏLİZADƏ,

“Respublika”.