Azərbaycan Baş prokuroru müavininin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdə olub
Siyasət

Azərbaycan Baş prokuroru müavininin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdə olub

Köklü tarixi münasibətlərimizin olduğu, dost və qardaş ölkə Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının dəvəti ilə hüquq-mühafizə orqanları ilə əməkdaşlığın davamı və gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 18-22-də Türkiyədə səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, ədliyyə naziri Bekir Bozdağ, Hakimlər və Prokurorlar Şurasını təmsil edən həmin şuranın sədr müavini Mehmet Akif Ekinci, Şuranın Baş Katibi Seyfi Han və digər məsul şəxslərlə görüşüblər.

Görüşdə Hakimlər və Prokurorlar Şurasının xarici münasibətləri, Şuranın quruluşu, iş prinsipi və vəzifələri mövzusunda ətraflı məlumat verildikdən sonra, işə qəbul, vəzifədə irəli çəkilmə, sosial müdafiə, etik-davranış qaydaları, şikayət və intizam icraatının işləmə üsullarına dair hər iki dövlətin hüquq-mühafizə orqanlarının oxşar və fərqli cəhətləri qarşılıqlı olaraq müzakirə edilib.

Daha sonra heyət Ankara Qərb Baş prokuroru Gökhan Karaköse və İnsan haqları və bərabərlik qurumu sədri Muharrem Kılıç ilə görüşüb.

Qeyd olunan səfərdə nümayəndə heyəti, eyni zamanda, İstanbul Baş prokuroru Şaban Yılmaz və digər məsul şəxslərlə görüşüblər.

Bütün görüşlərdə nümayəndə heyətinə müvafiq qurumların sistemi və iş prosesləri barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan ilə Ermənistan arasında yaşanan son silahlı münaqişə zamanı şəhid olan hərbi qulluqçularla bağlı başsağlığı verilib, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan arasında hüquq-mühafizə orqanlarının fəaliyyətində mövcud səmimi münasibətlərin davam etdirilməsi və dəstəklənməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, Türkiyə və Azərbaycan arasında ticarət, mədəni və siyasi sahələrində səmimi münasibətlərin mövcud olduğu vurğulanıb, qarşılıqlı səfərlərdən məmnunluq ifadə edilməklə ikitərəfli münasibətlərin hər iki dövlət başçılarının müəyyənləşdirdiyi siyasətə uyğun daha da gücləndirilməsinin vacibliyi ifadə edilib.

AZƏRTAC