Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir
Digər xəbərlər

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir

Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət olunması dünya miqyasında dövlətimizin başçısına göstərilən yüksək ehtiramın növbəti təsdiqidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda ən əziz dostu və qardaşı kimi salamladığını bir daha qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırladan Özbəkistan Prezidenti dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini, qarşıda duran əsas məsələnin əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırıb və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ilin aprelində Çinin sərhəd problemlərinin həlli məqsədilə Çin və qonşu dörd dövlətlə birlikdə yaradılmış bir platforma, 2001-ci ildə Özbəkistanın qatılması ilə regional iqtisadi və təhlükəsizlik əməkdaşlıq təşkilatına çevrilmiş beynəlxalq qurumdur. Bu təşkilat Çində mövcud olan bir şəhərin adı ilə xatırlanan ilk regional təşkilatdır. Qeyd edək ki, 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən "Şanxay beşliyi" adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandı. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə imzalanan birgə saziş sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu.

1999-cu ilin avqustunda Qırğızıstanda bu beş ölkə rəhbərlərinin görüşlərinin sonunda imzalanan Bişkek deklarasiyasında "Şanxay beşliyi"nin məqsədləri geniş və dəqiq ifadə edildi. Onun əsasını Mərkəzi Asiyada əməkdaşlıq və təhlükəsizliyin güclənməsi üzrə çoxtərəfli regional dialoqun genişləndirilməsi təşkil edirdi. İqtisadi və humanitar sahədə sərhədyanı əmakdaşlığın planauyğun genişlənməsi məsələsi 2000-ci ilin iyununda Düşənbədə keçirilən sammitdə müzakirə edilib. Düşənbə deklarasiyasında bu beynəlxalq qurumun fəaliyyəti, əsas məqsədləri və "Şanxay beşliyi"ni yaradan ölkələrin prioritetləri öz əksini tapdı. Bununla yanaşı, iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilməyə başlandı. "Şanxay beşliyi"nin tarixində mühüm hadisələrdən biri 14-15 iyun 2001-ci ildə Şanxay şəhərində keçirilən dövlət başçıları səviyyəsində sammit oldu.

Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradıldı. Hazırda daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birliyə çevrilib. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan bu təşkilatın üzvləridir. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka "dialoq üzrə tərəfdaş"dır. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təzahürüdür.

Bu gün ŞƏT dünyanın ən böyük regional təşkilatıdır. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Amma bu ölkənin sədrlik dönəmi pandemiyaya təsadüf etdiyindən zirvə toplantısını keçirmək mümkün olmayıb. Bu ay isə artıq liderlər səviyyəsində sammit baş tutub. Sentyabr sammitində Belarus və İranın ŞƏT-ə tamhüquqlu üzv olacağı gözlənilir. Onu da qeyd edək ki, ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 20 trilyon dollara yaxındır. Bu da 21 il əvvəllə müqayisədə 13 dəfə artım deməkdir. Təşkilatın ərazisi dünyanın ən böyük istehlak bazarıdır. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir.

ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı,sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir. 16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat nazirinin müavini iştirak etmişdir. 14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır. Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.

Azərbaycan üçün xarici siyasətdə maraq doğuran məsələlərdən biri də ölkənin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almasıdır. Ölkəmzin bu quruma maraq göstərməsi isə təsadüfi deyil. Qeyd edək ki, Azərbaycanın ŞƏT-dəki statusunun yüksəldilməsi məsələsinə Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı da toxunub. Bu xüsusda dövlət başçısı bildirib: "Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib".

Ölkəmiz Şanxayda təşkilatın təsis edilməsini imzalayan altı dövlətin hər biri ilə yaxşı əlaqələrə malikdir. Qazaxıstan, Qırğızıstan prezidentləri Bakıya səfərlər ediblər, əlaqələr inkişaf edir, Çinlə yaxşı iqtisadi münasibətlər mövcuddur, Rusiya aydındır, strateji müttəfiqlik sənədi imzalamışıq, Tacikistanla da əlaqələr yüksəkdir, Özbəkistanla isə son dövrlər əməkdaşlıq daha fəal şəkildə gedir. Tamhüquqlu üzv ölkələrdən Türkiyə və Pakistanla dost və qardaş ölkəyik. Azərbaycan qardaş türk ölkələri ilə əməkdaşlığı ciddi şəkildə genişləndirməkdədir. Qazaxıstan, Qırğızıstan, Özbəkistanla təmaslar artıb. Azərbaycanın nəqliyyat dəhlizləri böyük əhəmiyyət kəsb edir, Avropa ilə Asiya arasında yol alması, Türkiyə ilə birgə addımlar atılması çox mühümdür. Azərbaycan bu baxımdan çoxtərəfli formatda beynəlxalq təşkilatlarla əməkdaşlığa da xüsusi önəm verir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində ən nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, çoxsaylı təşkilatların üzvüdür. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimiz uğurlu tərəfdaşlıq səviyyəsində davam edir.

Mustafa KAMAL,

"Respublika".