Azərbaycan BMT-nin  ixtisaslaşmış qurumlarında fəal iştirak edir
Siyasət

Azərbaycan BMT-nin  ixtisaslaşmış qurumlarında fəal iştirak edir

Ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir

BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2017-2019 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 176 səs toplayaraq Şuranın üzvü olub. Səsvermədə 193 ölkədən 185-i iştirak edib, nəticədə 18 yeni üzv qəbul edilib. Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Koreya Respublikası, Tacikistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri də İqtisadi və Sosial Şuraya üzv seçiliblər. Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC)  kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir. Azərbaycan 2011-ci ildə ECOSOC-aa üzv olmaq üçün namizədliyini irəli sürüb. ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir. BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunu və nüfuzunu daha da yüksəldib. ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub. ECOSOC-un 54 üzvü var və şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir: "Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı 2/3-nin, yəni, 129 dövlətin səsi tələb olunur. 2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik iş aparılıb. Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olub. Azərbaycan Respublikası şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini veribdir.

Bu barədə verilən məlumatda qeyd olunur ki, BMT Nizamnaməsi ECOSOC-u 15 BMT-nin ixtisaslaşmış təşkilatlarının, 9 funksional komissiyalarının və 5 regional komissiyaların iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirməkdən məsul olan əsas orqan kimi təsis etdi. Şura, eyni zamanda, beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsi və Üzv Dövlətlər və BMT sistemi üçün siyasət tövsiyələrinin verilməsi, 11 BMT fondundan və BMT proqramlarından hesabat almaq üçün mərkəzi bir forumdur. Yaşayış səviyyəsinin yaxşılaşdırılması və əhalinin tam məşğulluğu daxil olmaqla iqtisadi və sosial tərəqqinin təşviqi iqtisadi və sosial sahələrdə və səhiyyə sahəsində beynəlxalq problemlərin həlli yollarının inkişafı, mədəniyyət və təhsil sahəsində beynəlxalq əməkdaşlığın təşviqi, insan hüquqlarına və əsas azadlıqlarına ümumi hörmət üçün şəraitin yaradılması İqtisadi və Sosial Şuranın fəaliyyət dairəsinə daxildir: Şura lazım olduqda humanitar fövqəladə hallar üçün müvəqqəti iclaslar çağırmaq səlahiyyətinə malikdir. Fəaliyyət dairəsinə daxil olan mövzularda araşdırma aparır və ya təşkil edir, bu mövzularda hesabatlar dərc edir. İqtisadi və sosial problemlərə dair beynəlxalq konfransların hazırlanmasına və təşkilinə kömək edir, bu konfransların qərarlarının icrasına kömək edir. Bütün BMT sisteminin insan və maliyyə resurslarının yüzdə 70-dən çoxu səlahiyyətlərini həyata keçirmək üçün Şuraya ayrılmışdır. Şuranın hər illik iclasının əvvəlində İqtisadi və Sosial Şuranın Rəyasət Heyəti seçilir. Büronun əsas funksiyaları gündəmi hazırlamaq, iş proqramını tərtib etmək və BMT Katibliyinin dəstəyi ilə iclası təşkil etməkdir.

2021-ci ildə region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olub. Belə ki, BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında Dayanıqlı İnkişaf üzrə 2021-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum zamanı ölkəmizin növbəti Könüllü Milli İcmal təqdim etməsinə dair qərar qəbul olunub. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan hələ ilk dəfə 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim edib. Eyni zamanda, bildirilir ki, il ərzində “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” və “BMT-nin İnkişaf Proqramının 2021-2025-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi” layihələri razılaşdırılıb.

 Azərbaycanın hərtərəfli inkişaf strategiyasına xidmət edən xarici siyasət fəaliyyətində xüsusi diqqət iqtisadi münasibətlərin inkişafı, enerji təhlükəsizliyinin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayrılıb. Beynəlxalq ticarət əlaqələrinin təşviqi, ixrac potensialının və yerli sənaye məhsullarının beynəlxalq rəqabətliyinin artırılması, yüksək texnologiyalar və innovasiyaların tətbiqi, həmçinin qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edir.

2019-cu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Nyu-Yorkda keçirilən Yüksəksəviyyəli Forumunda ECOSOC-un prezidenti xanım İnqa Kinq tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə töhfə verdiyini bildirib. O əlavə edib ki, hüquqların genişləndirilməsi, şəffaflıq və bərabərlik istiqamətində görülən işlər nikbinlik üçün əsas verir. ECOSOC-un prezidenti bildirib ki, dünyanın bir çox ölkələrində insanların sosial-iqtisadi problemlərin həllinə cəlb edilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynayır. Onun sözlərinə görə, hökumətlər iqlim dəyişməsi fonunda ətraf mühitin qorunması və biomüxtəlifliyin təmin edilməsi sahələrində daha ciddi addımlar atmalıdır. İ.Kinq qeyd edib ki, urbanizasiya prosesinə nəzarət olunması, yeni texnologiyaların tətbiqi əsrində insanların iş yerlərini itirməməsi dünyada sabitliyin bərqərar olmasının əsas amilləridir. Şuranın prezidenti vurğulayıb ki, ən vacib məsələlərdən biri də təhsilin hamı üçün əlçatan olmasıdır. “Hökumətlər inşaların ehtiyaclarına daha həssas yanaşmalı, xüsusən inkişaf etməkdə olan və əhalinin gəlirlərinin az olduğu ölkələrdə sosial bərabərliyin maksimum təmin edilməsinə şərait yaratmalıdır”.

ABŞ-ın Nyu-York şəhərində BMT-nin baş qərargahında İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu keçirilib. BMT-nin baş qərargahında 2019-cu ilin 30-31 yanvar tarixlərində təşkil olunan forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Gənclər və İdman nazirliyinin Nümayəndə heyəti təmsil edib. Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaq olub. Bunları nəzərə alaraq, forumda  problemin çoxtərəfli həllinə dəstək məqsədilə milli, regional və qlobal səviyyələrdə gənclərin inkişafı üçün innovativ yanaşmalar və təşəbbüslər təşviq edilib. Eyni zamanda,  forumda insanlar, planet, sülh və rifah mövzusunda kollektiv fəaliyyət üçün ideya və təşəbbüslər də əsas müzakirə istiqamətlərindən olub.

Forum zamanı ölkədə  dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyi, bu istiqamətdə müxtəlif illəri əhatə edən Dövlət proqramlarının, sərəncamların imzalandığı diqqətə çatdırılıb. Azərbaycan BMT-nin əvvəlki baş katibi Ban Ki-Munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olub. Region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığı qeyd edildiyi forumda, eyni zamanda, gənclər tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verilib. Dünyada iqtisadi problemlərin yaşanmasına baxmayaraq, il ərzində  1008 gənclər layihəsi həyata keçirilib ki, onların da böyük əksəriyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulmuşdur. Gənclər sahəsində görülən işlər haqda onu qeyd etmək lazımdır ki, Prezident yanında Gənclər Fondu tərəfindən son 5 ildə 3341 layihə dəstəklənib.  Azərbaycan istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri  xüsusi olaraq dəstəkləyir.

Məhz bu  həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki,  BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu  Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı xanım C.Sultanoğlu tərəfindən məmnunluq bildirilib. Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyinin rəsmiləri iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya-Azərbaycan gənclər forumunu, eyni zamanda,  AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyü yüksək fəaliyyəti vurğulayıblar. Bununla yanaşı, Gürcüstan və Serbiyadan olan həmkarları ilə ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda, qarşıda duran planlar haqda mütəmadi olaraq müzakirələr aparılır. BMT-nin baş katibinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi də Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi layihələrin önəmini, ölkəmizin BMT-nin gənclər sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.

BMT-nin müxtəlif proqramları və ixtisaslaşmış qurumlarında fəal iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir. Müasir dünya siyasətinin nüfuzlu aktoru kimi çıxış edən Azərbaycanın beynəlxalq mövqeyi günü-gündən daha da  güclənməkdədir. Belə ki, ölkəmiz özünün praqmatik və rasional xarici siyasət  kursunun fonunda ikitərəfli və çoxtərəfli münasibətlərini möhkəmləndirməklə  regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Mustafa KAMAL,

“Respublika”.