Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığı
İQTİSADİYYAT

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığı

Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında görüş olub. Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. “Yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasının və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb. “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib.  Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı bildirilib.

50-dən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.

“Respublika”.