Azərbaycan böyük “yaşıl enerji
Siyasət

Azərbaycan böyük “yaşıl enerji" potensialına malikdir

Ölkəmizdə enerji təhlükəsizliyi sahəsində önəmi layihələr reallaşdırılır. Hələ ötən ilin fevral ayında başlanan Rusiya-Ukrayna müharibəsi enerji təminatı sahəsinə də təsirsiz ötüşmədi. Müasir dünyada texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid yeni çağırışlar yaradır. Həmçinin bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması "yaşıl enerji" dövrünün başlanğıcıdır. Son beş ildə alternativ mənbələrdən alınan enerji istehsalı 50 faiz artaraq 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə isə 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ehtimal olunan ən çox enerji artımı isə günəş və külək enerjisi istehsalında gözlənilir.

Sevindirici haldır ki, enerji sahəsində də ölkəmiz böyük potensiala malikdir. Əlbəttə ki, Azərbaycan elektrik enerjisi istehsalında "yaşıl enerjinin" əldə olunması sahəsində öz hədəflərini daha da gücləndirməyi düşünür. Bunun üçün ölkədə kifayət qədər zəngin bərpaolunan enerji mənbələri mövcuddur. Belə ki, respublikamızda texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu gün "yaşıl enerji" potensialı sahəsində Azərbaycanın beynəlxalq aləmdə önəmi daha da artır. Bu sahədə icra olunan layihələr Azərbaycanı Avropa üçün daha əlçatan edir və əlverişli tərəfdaşa çevirir. Artıq bu yöndə ciddi addımlar atılmışdır. Ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Sazişə əsasən, Azərbaycan əldə etdiyi "yaşıl enerji" ehtiyatlarını Avropaya ötürəcək. Qara dənizin dibi ilə çəkiləcək yeni xətt vasitəsilə Azərbaycanda əldə olunan "yaşıl enerji" Avropaya kimi uzanacaq. Ölkəmiz Avropa qitəsinin enerji təhlükəsizliyini daha etibarlı şəkildə təmin edəcək. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək.

Ölkəmizin bu sahədə əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərimizin yaxın zamanlarda Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır. BP şirkəti işğaldan azad olunmuş Azərbaycan ərazilərində, Cəbrayıl rayonunda günəş enerjisi stansiyası qurulması üçün yatırım etmək istiqamətində işlər aparır. Bununla da 230 meqavatlıq günəş enerji stansiyası bölgədə birinci olacaq. Gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizindən, eyni zamanda elektrik enerjisi də ötürüləcək. Elə bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Artıq "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Qarabağ bölgəsində gələcəkdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək. Artıq bu stansiyaların 5-i istismara verilib.

Enerji sahəsində Azərbaycanın potensialı təkcə bunlarla bitmir. Bərpaolunan enerji potensialı sahəsində Xəzər dənizi də xüsusi yer tutur. Şimal dənizindən sonra Xəzər dənizi külək enerjisi potensialına görə ikinci yeri tutur. Beləliklə, Azərbaycan zəngin enerji resursları ilə dünyanın diqqət mərkəzindədir. Fevral ayının 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada yaşıl enerjiyə artan tələbatdan danışaraq Azərbaycanın bu sahədə xüsusi çəkisini vurğulamışdır. Tədbirdə Rumıniya, Avropa Komissiyası, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Azərbaycan yeraltı, yerüstü təbii sərvətlərlə zəngin olduğu kimi, enerji sahəsində də olduqca böyük potensiala malikdir. Ölkəmiz enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində uğurlu nəticələrə imza atır. Hələ 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə başlayan möhtəşəm layihələr bu gün ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılır. Azərbaycan öz zəngin enerji potensialı ilə gələcəkdə bir çox ölkələrin, o cümlədən Avropanın enerji təminatında böyük rol oynayacaq.

 Ramidə YAQUBQIZI,

 "Respublika".