AZƏRBAYCAN-ÇİN ƏLAQƏLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLMİŞDİR
Siyasət

AZƏRBAYCAN-ÇİN ƏLAQƏLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLMİŞDİR

Ölkələrimizi qədim tarixə söykənən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir

Çin dünyanın ən böyük dövlətlərindəndir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bu gün Azərbaycan və Çin arasında möhkəm təmələ söykənən strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur. Bir çox sahələrdə xalqlarımız ən yüksək səviyyədə təmaslar qura bilmişdir. Ümumilikdə iki ölkə arasında əməkdaşlığın böyük tarixi var. Qədim İpək Yolunun Çindən başlayaraq, Hindistan, Tacikistan, Özbəkistan, İran və Azərbaycana, buradan isə Avropaya qədər uzanması Azərbaycan və Çin arasında əlaqələri bir çox istiqamətlərdə inkişaf etdirmişdir.

XX əsrin 90-cı illərində ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Çin Xalq Respublikası olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. Yəni bu il respublikalarımız arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edilmişdir.

Ölkələrimizin münasibətlərini əks etdirən ən yeni tarixə qısa nəzər salsaq deməliyik ki, 1992-ci ilin avqustunda ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü il dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması haqqında qərar qəbul edilmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünyanın bir çox ölkələri ilə olduğu kimi, Çin Xalq Respublikası ilə də əlaqələr daha intensiv və dinamik inkişaf etməyə başladı. 1994-cü il 7-10 mart tarixlərində Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuş, Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmişdir. Səfər zamanı iki dövlət arasında bir çox istiqamətləri əhatə edən 8 müqavilə imzalanmışdı.

Eyni zamanda, Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamış, iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanmışdır.

Azərbaycan və Çin əlaqələrinin ən yeni tarixinin daha bir əlamətdar hadisəsi 1998-ci ilə təsadüf edir. Həmin il sentyabr ayının 8-də Bakıda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya Dövlət Başçılarının Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıb. Belə ki, 2005-ci il martın 17-19-da Azərbaycan Prezidenti Çin Xalq Respublikasında rəsmi səfərdə olub. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirmiş, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirmişdir. Öz növbəsində, cənab İlham Əliyev də Azərbaycanın Çinlə əlaqələrinə xüsusi önəm verdiyini vurğulamışdır.

Prezident cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanmışdır. Bu barədə 2019-cu ilin aprelində Çinin "Sinxua" agentliyinə müsahibəsində Prezident İlham Əliyev bildirmişdir: "Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var".

2019-cu il aprelin 24-də dövlət başçısı cənab İlham Əliyev Çinə növbəti səfər edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi son dərəcə yüksək qiymətləndirdi.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Prezident cənab İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. İlham Əliyevin Si Cinpinlə görüşündə Çin rəhbərinin bu fikri indiki dönəmdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləməyə əsas verir: "Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram". Bu sözlər həm də Azərbaycan Prezidentinin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza olan inam və etimadın təzahürü kimi dəyərləndirilməlidir.

Dövlətimizin başçısı isə çıxışında Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: "Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır".

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük siyasi və iqtisadi tərəfdaşıdır. İki ölkə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə uğurla əməkdaşlıq edir.

Bu il sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.

Görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə dövlət başçımıza təbriklərini çatdıraraq bildirdi ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir.

Prezident cənab İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə "Bir kəmər, bir yol" Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini vurğuladı.

Yeni Azərbaycan Partiyasının yaranmasının otuz illiyi münasibətilə təbriklərə görə Sədr Si Cinpinə təşəkkürünü bildirən dövlətimizin başçısı iki ölkənin hakim partiyaları arasında çox yaxşı əlaqələrin olduğunu qeyd etdi. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyinin uğurlu nəticələrlə qeyd olunduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə çox faydalı və səmərəli əməkdaşlığın qurulduğunu bildirdi.

Prezident cənab İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirdi.

Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Prezident cənab İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğuladı, buna görə Si Cinpinə təşəkkürünü ifadə etdi. Azərbaycan Prezidenti xüsusilə qeyd etdi ki, dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün də əsas prinsiplərdən biridir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinin təmin olunmasını daim dəstəklədiyini diqqətə çatdırdı, ölkəmizin 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olaraq bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğuladı. Prezident cənab İlham Əliyev bildirdi ki, ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır.

Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlığın tərkib hissəsi kimi şəhərlərarası əlaqələrin, tələbə mübadiləsinin artırılmasının, həmçinin turizm sahəsində əməkdaşlığın vacibliyini də qeyd etdi. Azərbaycan Prezidenti pandemiya tam başa çatdıqdan sonra ölkələrimiz arasında turist mübadiləsinin COVID-19-dan əvvəlki səviyyəsinin bərpa olunacağına əminliyini vurğuladı. Cənab Prezident Çinin Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu bir daha ifadə etdi.

Çin ilə Azərbaycan arasında qarşılıqlı etimadın və dəstəyin dərinləşdirilməsi, müxtəlif sahələrdə hər iki tərəf üçün faydalı əməkdaşlığın genişləndirilməsi diqqət çəkir. Sədr Si Cinpin görüşdə iki ölkənin iqtisadi-ticari əlaqələrinin möhkəmləndirilməsi, bu çərçivədə Çin-Avropa qatarlarının sayının artırılmasına ehtiyac olduğunu bildirməsi xüsusilə qeyd edilməlidir.

Hazırda Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə Çin şirkətləri də fəal qoşulub. Eyni zamanda, hər iki ölkə "Bir kəmər, bir yol" layihəsinin inkişafı çərçivəsində fəaliyyətin daha da genişləndirilməsində maraqlıdır.

Göründüyü kimi, Azərbaycan-Çin əlaqələri davamlı olaraq inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Emin QASIMOV,

"Respublika".