“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Hüquqi aktlar

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının

2021-ci il 14 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda “AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1921 – 2021” rəqəmləri yazılmışdır. “1921 – 2021” rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.3. Medalın daxili çevrəsinin üzərində qızılı rəngli fonda ucları aşağıdan yuxarıya uzanan aypara və onun mərkəzində təhsili simvolizə edən kitab emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində “ADPU – 100” sözləri həkk edilmişdir.

2.4. Səkkizguşəli ulduz, çevrənin konturları, aypara və kitab emblemi, sözlər və rəqəmlər, “ADPU – 100” loqotipi və sünbül budaqları relyefli olaraq qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində qızılı rəngdə “ADPU – 100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının tarixi hissəsinin eskizi relyefli həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru isə sünbül budaqları təsvir edilmiş qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.

4.2. Xara lentin üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 1,5 mm enində qızılı, 2 mm enində ağ, 7,5 mm enində qızılı, 2 mm enində ağ, 3,5 mm enində tünd göy və mərkəzdə eni 4 mm olan qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.