Azərbaycan dövləti tərəfindən Moldovaya humanitar yardım yola salınıb
Sosial həyat

Azərbaycan dövləti tərəfindən Moldovaya humanitar yardım yola salınıb

Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım aprelin 15-də Moldovaya yola salınıb.

AZƏRTAC xəbər verir ki, məbləği 1,7 milyon manatdan çox olan 29 tonluq humanitar yardımın Kişineu hava limanına çatdırılması üçün təyyarə saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə bu il fevralın 27-də və martın 12-də Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21,5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

AZƏRTAC