Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin bölgədə aparacaqları axtarış-xilasetmə əməliyyatları müzakirə olunub
Digər xəbərlər

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin bölgədə aparacaqları axtarış-xilasetmə əməliyyatları müzakirə olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir qrupu fevralın 17-də Hatay bölgəsinə göndərilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hataydakı Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıda iştirak edib. Toplantıda zəlzələdən ciddi zərər görən Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən görüşdə FHN-in qüvvələrinin axtarış-xilasetmə əməliyyatları, eləcə də atılacaq sonrakı addımlar geniş müzakirə edilib.

Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.