Azərbaycan haqlı tələblərində israrlıdır
Digər xəbərlər

Azərbaycan haqlı tələblərində israrlıdır

Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində baş verən terror aktından on gündən çox vaxt keçsə də, İran bu məsələyə obyektiv və konstruktiv araşdırma kontekstindən yanaşmır. İran dövləti diplomatik missiyamızda baş vermiş bu hadisəni heç cür terror aktı kimi qəbul etmək istəmir və məsuliyyətdən yayınmaq üçün ortaya qəbuledilməz variantlar qoyur.

Azərbaycan Prezidenti İlham Əliyev bu qanlı olayı (Azərbaycanın bu hadisədə bir şəhidi və iki yaralısı var) kəskin pisləyərək, İran rəhbərliyindən obyektiv araşdırma və günahkarların cəzalandırılmasını tələb etdi. Ancaq İran tərəfi buna rəğmən hər vəchlə ictimai fikri çaşdırıb yayındırmaq və bu silahlı hücumun terror aktı olmadığını sübut etmək istəyir. Bununla bağlı İran səlahiyyətliləri ailə-məişət zəminində baş vermiş silahlı insident kimi gülünc versiyanı irəli sürür, sonra da hadisəni törədən şəxsi psixopatik xəstə elan edərək xəstəxanaya yerləşdirir. Aydındır ki, bu hərəkətlər Azərbaycan ictimaiyyətində təəssüf və hiddət doğurur.

Hadisədən sonra yayılan video görüntülərə səhih baxış belə, hər şeyə aydınlıq gətirir və İran səlahiyyətlilərinin yalanını ifşa edir. Orada terror aktını törədən şəxsin müəyyən plan əsasında hərəkət etdiyi aydın görünür və bütün bu məsələlərin arxasında xüsusi xidmət orqanlarının durduğuna şübhə yeri qalmır. Terror aktının aydın şəkildə göz önündə olmasını təkzib etmək istəyən İran elə bu hərəkəti ilə suçlu olduğunu sübut edir.

Hazırda İran diplomatiyası teraktı təkzib etmək üçün bütün əlaqə və imkanlarından istifadə edib canfəşanlıqla çalışır. Bu cür canfəşanlıq Qoşulmama Hərəkatının işində də qeydə alınıb. Belə ki, bir neçə gün əvvəl, Azərbaycan üzvü və sədri olduğu Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) səfirliyimizdə baş vermiş teraktla bağlı kommünike ilə müraciət etmişdir. Təşkilata üzv olan İran isə həm kommünikeyə, həm də bəyanat layihəsinə etiraz edərək bu sənədlərin qəbuluna mane olmağa çalışmışdır. İran tərəfi öz mövqeyinə dəstək məqsədilə Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən bir çoxuna müraciət etsə də, ona dəstək verən yalnız Suriya və Hindistan olub.

Bu dövlətlərin sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrdə baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

Bu iki ölkənin tutduğu mövqeyin nədən qaynaqlandığı bəllidir. Hindistan tarixən düşmən olduğu Pakistanın Azərbaycanla müttəfiqliyinə, Suriya isə dünyanın qəbul etdiyi bir terror ölkəsi olduğuna görə. Bu ölkələr erməni məsələsində də anti-Azərbaycan mövqeyi tuturdu, indi də bu siyasəti davam etdirirlər.

İran isə Azərbaycana qarşı təhdidlərindən heç vaxt əl çəkməyib. Son 30 ildə İran tərəfinin günahı ucbatından iki ölkə arasında münasibətlər hər zaman gərgin olub. Amma o vaxt ortaya çıxan anlaşılmazlıq və ziddiyyətlərin dövlətlərarası münasibətlərə neqativ təsirləri minimal olub. Tərəflər problemlərin uzunmüddətli xarakter daşımamasına çalışıblar.

Amma hazırda iki ölkə arasında gərginlik pik həddə çatmışdır. 44 günlük müharibədə ölkəmizin əldə etdiyi qələbəni və ondan irəli gələn geosiyasi dəyişiklikləri heç cür qəbul edə bilməyən İran, görünür bu gərginliyi daim artırmaq niyyətindədir. Ancaq Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək. Bu gün Azərbaycanın regionda nüfuzu günü-gündən artır. Tezliklə İran da bu reallıqları qəbul etmək məcburiyyətində qalacaq.

Söhrab SƏFİYEV,

"Respublika".