“Azərbaycan Hava Yolları
Digər xəbərlər

“Azərbaycan Hava Yolları" BƏƏ turizm agentləri üçün təqdimat keçirib

"Azərbaycan Hava Yolları" QSC-nin Dubayda turizm agentləri üçün keçirdiyi tədbir COVID-19 pandemiyasından sonra Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşların bərpasına həsr olunub.

Tədbir, turizm idarəçiliyi və aviadaşımalar sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkəti "Aviareps" tərəfindən təşkil olunub.

"Aviareps" şirkətinin Yaxın Şərq üzrə vitse-prezidenti Qlenn Conston (Glen Johnston) tədbirdə açılış nitqi ilə çıxış edərək aviaşirkətin əsas fəaliyyət istiqamətləri və Azərbaycan haqqında qısa məlumat verib.

AZAL-ın  marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə  hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslərin həyata keçirildiyini, yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılmasının nəzərdə tutuldugunu bildirib.

Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.

"Silk Row Travel" şirkətinin daxili turizm üzrə mütəxəssisi Arzu Quliyeva Azərbaycanın turizm imkanları haqqında məlumat verib.

Dubay "Azərbaycan Hava Yolları" aviaşirkətinin marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Hazırda burada 192 ölkədən stendlərin təqdim olunduğu "EXPO-2020" dünya sərgisi keçirilir.

Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti.