Azərbaycan həm də böyük idman ölkəsidir
İdman

Azərbaycan həm də böyük idman ölkəsidir

Milli Olimpiya Komitəsinin yaradılmasının otuz ili tamam olur

Azərbaycan artıq bütün sahələrdə olduğu kimi, idmanda da sözünü deməyi bacarır. Əgər iqtisadi gücümüzü dünyaya davamlı surətdə inkişaf edən milli iqtisadiyyatımız, qoşulmuş olduğumuz mühüm transmilli layihələr daşıyırsa, mədəniyyətimiz, incəsənətimiz sərhədləri aşaraq dünya mədəni irsi ilə çulğalaşırsa, bu gün həmin estafeti idmançılarımız uğurla davam etdirir. Bütün bunları şərtləndirən başlıca amil isə heç şübhəsiz, Azərbaycanın sürətli inkişafını təmin edən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, idmanın kütləviliyinə ayırdığı diqqət və qayğı ilə birbaşa bağlıdır.

Bir zamanlar Azərbaycanda hobbi səviyyəsindən kənara çıxmayan idman məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə həqiqi qiymətini almış, idman respublikanın həyatında prioritet sahələrdən birinə çevrilmişdir.

İdmanın ideoloji-siyasi vasitə kimi güclü təsir imkanlarına malik olduğunu müdrikliklə nəzərə alan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənc nəslin fiziki kamilliyinə, sağlamlığına xidmət edən ən zəruri tədbirləri diqqət mərkəzində saxlamışdır. "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir", - deyən ümummilli lider çıxışlarında dəfələrlə vurğulamışdır ki, idmana qoyulan sərmayə Azərbaycan xalqının sağlamlığına və inamlı gələcəyinə xidmət edir. Heydər Əliyev ölkə idmanının milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

1997-ci il iyulun 31-də bu tarixi günə qədər son dərəcə sönük fəaliyyət göstərən Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisinin yığıncağında o dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin bu qurumun prezidenti seçilməsi respublikada olimpiya hərəkatına, bütövlükdə idmanın inkişafına böyük təkan verdi. Azərbaycan idmançıları ölkəmizin idman şərəfini ən mötəbər yarışlarda qoruyaraq Vətənə medallarla dönməyə başladılar. İdmanın maddi-texniki bazasının yaradılması və bu sahədə ağırlıq mərkəzinin respublikanın regionlarına keçirilməsi 40-dan çox müasir olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi ilə nəticələndi.

Prezident İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi səmərəli görüşlər və bu görüşlər zamanı Azərbaycanı tanıtmaq istiqamətində apardığı təbliğat ölkəmizin həm də müsbət idman imicinin yaranmasında əvəzsiz rol oynamışdır ki, bu da müxtəlif seçimlər zamanı Avropa və Beynəlxalq Olimpiya Komitələrinin Azərbaycana idman ölkəsi olaraq üstünlük verməsi ilə nəticələnmiş, İlham Əliyevin Prezident seçilməsilə bu proses daha intensiv xarakter almışdır. Son illərdə Azərbaycan təkcə idmançılarının beynəlxalq yarışlarda hamını heyrətə gətirən uğurlu çıxışları ilə deyil, həm də dünyamiqyaslı mötəbər yarışların təşkilatçısı kimi tanınır. 2000-ci ildən başlayaraq, respublikamızda mötəbər idman yarışları keçirilir və ölkəmizin bu sahədəki təşkilatçılıq bacarığı da beynəlxalq mütəxəssislər tərəfindən təqdir olunur.

Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkili layiqincə dəyərləndirildi. İlk Avropa oyunlarının təşkilatçısı Mehriban xanım Əliyevanın xidməti isə xarici mütəxəssislər tərəfindən xüsusi qeyd edildi. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfə verən Azərbaycan bu idman tədbirləri vasitəsilə müsəlman dünyasında İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət etmiş oldu.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət səviyyəsində öncül yer tutur və bu, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir. Ölkəmizdə idmanın bir neçə növü üzrə böyük nailiyyətlərimiz var. Boksçularımız, güləşçilərimiz idman pərəstişkarlarını həmişə sevindirir. Onu da qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Gimnastika Federasiyasının prezidenti kimi də fəaliyyəti qürurvericidir. Azərbaycan gimnastlarının son illər qazandığı uğurlar da bunu təsdiqləyir. Bu gün idmançılarımız həm də müzəffər ölkəni və qalib xalqı layiqincə təmsil edirlər. 2022-ci il aprelin 8-də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən və böyük qələbə ilə vətənə dönən Azərbaycan millisinin üzvləri ilə görüşdə dövlət başçısı demişdir: "İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə apardı. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir".

1992-ci il noyabrın 10-da yaradılan Milli Olimpiya Komitəsinin 30 illik fəaliyyətindən, uğurlarından danışarkən bu işdə əməyi olan insanları xatırlamamaq olmaz. İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva, komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, idman direktoru Həsənağa Rzayev və digərlərinin də əməyini xüsusi qeyd etmək lazımdır.

GESS Logistika Karqo MMC Milli Olimpiya Komitəsinə dünyanın hansı nöqtəsində olursa-olsun nəqliyyat-logistika sahəsində xidmət etməyə, avadanlıqların etibarlı, güvənli, təhlükəsiz şəkildə, qısa zamanda daşınmasını yerinə yetirməyə hazırdır.

Qələbə hər bir idmançı üçün çox önəmlidir. Fəxr edirik ki, bizim idmançılarımız bu qələbələri öz istedadları, zəhmətləri hesabına, Vətənimizə sevgi ruhunda əldə edir, idmançı şərəfini uca tutur, xalqımızın böyüklüyünü dünyaya nümayiş etdirirlər. Mən fürsətdən istifadə edərək Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə başda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün kollektivi, Azərbaycan idmançılarını və idman pərəstişkarlarını ürəkdən təbrik edirəm. Qoy, işğaldan azad edilmiş torpaqlarda ucaldılan üçrəngli bayrağımız dünyanın beynəlxalq idman arenalarında da əbədi dalğalansın!

Sabir MİRZƏYEV,

GESS Logistika Karqo MMC-nin

təsisçisi, Azərbaycan Boks

Federasiyasının fəxri vitse-prezidenti.