Azərbaycan humanist ideyalara sadiq ölkədir
Digər xəbərlər

Azərbaycan humanist ideyalara sadiq ölkədir

Azərbaycan Qoşulmama  Hərəkatına  2011-ci ildə Hərəkata üzv dövlətlərin yekdil dəstəyi ilə tamhüquqlu üzv qəbul olunmuşdur. Ölkəmiz 2019-cu ildən Hərəkata  sədrlik edir. Lakin növbəti sədr olacaq Uqanda dövləti sədrliyi 1 il gec təhvil alacağını bildirdikdən sonra, üzv dövlətlər Azərbaycana uğurlu sədrliyini nəzərə alaraq əlavə 1 il müddətinə Qoşulmama Hərəkatına sədrlik etməsi barədə müraciət etmişlər. Azərbaycan Hərəkatın prinsiplərinə sadiqliyini nümayiş etdirərək təklifi məmnuniyyətlə qəbul etmiş və beləliklə, ölkəmizin  Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərini gücləndirməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə atılan mühüm addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci il 22 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanmış, 1998-ci il 18 iyun tarixli sərəncamla isə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) İnstitutu təsis olunmuşdur.

 Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olanda torpaqlarının 20 faizi Ermənistanın işğalı altında idi. Əlbəttə ki, 1 milyon əhalisi köçkünlük həyatı yaşayan bir dövlət üçün Hərəkata qoşulmaq əsasən münaqişəyə diqqəti cəlb etmək idi. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlər Xüsusi Bəyannamə qəbul etmiş, Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında olan itkilərdən narahatlıq ifadə edərək münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bildirmişlər. Eyni zamanda, Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliyini bəyan etmişlər. Bunun nəticəsi olaraq 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə BMT  Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri keçirilmişdir.

2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü baş tutub. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək  mövzusunda keçirilən görüşdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə isə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Görüşdə Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxış edərək növbəti üç il ərzində sədrliyin Azərbaycana keçdiyini bəyan edib.

Ölkəmiz Hərəkata sədrlik etdiyi üç il müddətində mövqe və fəaliyyətini Bandunq prinsipləri əsasında həyata keçirərək bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşıb. Dövlətlərin daxili işlərinə heç vaxt müdaxilə etməyib, qarşılıqlı əlaqə və münasibətləri yüksək səviyyədə qorumaqla Qoşulmama  Hərəkatının prinsiplərinə layiqincə əməl edib. Vətən müharibəsi zamanı  Azərbaycan Prezidenti İlham Əliyev bu prinsipləri rəhbər tutaraq bütün dünyaya sübut etdi ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Hətta Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq Azərbaycan tolerant dövlət kimi ərazisində yaşayan bütün irqlərin, millətlərin,  azsaylı xalqların nümayəndələrini öz vətəndaşı hesab edir və hüquqlarına hörmətlə yanaşır. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövr ərzində ölkəmiz Hərəkatın beynəlxalq münasibətlər sistemində nüfuzunu daha da yüksəltməyə səy göstərmişdir.

İyun ayının 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş Bakı konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.  Cənab Prezident çıxışı zamanı xüsusi vurğulayıb ki, “Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə-bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı". Bütün bunlar isə ölkəmizin sülhsevər, humanist ideyalara sadiq ölkə olduğunu bir daha təsdiq edir.

                                    Ramidə YAQUBQIZI,

                                       “Respublika”.