Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
Siyasət

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2021" 17-ci aviasiya sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşü olub.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Dubai Airshow 2021" 17-ci aviasiya sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə iki ildən bir təşkil olunur. Sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlığı, pilotsuz uçuş aparatları (PUA) və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan minə yaxın şirkət iştirak edir.

AZƏRTAC