Azərbaycan ilə Gürcüstanın dövlət və hökumət başçılarının səyi nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
SİYASƏT

Azərbaycan ilə Gürcüstanın dövlət və hökumət başçılarının səyi nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətinin üzvləri Tbilisidəki Cümə məscidində olublar.

 AZƏRTAC xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov qonaqlara məscidin tarixi, burada saxlanılan nadir qədimi, mədəni və mənəvi abidələr barədə məlumat verib.

Ramin İgidov bu yaxınlarda ölkəmizin Gürcüstandakı səfirliyinin və SOCAR-ın dəstəyi ilə Azərbaycana səfərlərini xatırladıb, işğaldan azad edilmiş ərazilərdə gördükləri erməni vandalizmindən dəhşətə gəldiklərini bildirib. O, eyni zamanda, Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə aparılan tikinti-quruculuq işlərindən həvəslə və razılıqla danışıb.

Rəhbərlik etdiyi qurum barədə məlumat verdikdən sonra R.İgidov deyib ki, bu gün Gürcüstanda 300-dən çox məscid var. Onlardan 28-i son illərdə tikilib, 300-ə yaxını təmir olunub.

Hacı Allahşükür Paşazadə Azərbaycan-Gürcüstan münasibətlərindən söz açıb. Bildirib ki, dövlət və hökumət başçılarının səyi nəticəsində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkənin ali dini rəhbərləri arasındakı dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın əlaqələrini daha da möhkəmləndirir. Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Gürcüstan müsəlmanları da bu diqqətdən ayrı qalmayacaq.

Şeyxülislam A.Paşazadə Gürcüstanın azərbaycanlı icmasının dövlətçilik naminə gördüyü işləri yüksək qiymətləndirib. O, din xadimlərinə işğaldan azad olunan Qarabağ torpaqlarını ziyarətə görə minnətdarlığını bildirib, bu səfərin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq, dini qurumlar arasındakı əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

AZƏRTAC