Azərbaycan ilə İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan ilə İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasında iştirak üçün nümayəndə heyətinin tərkibində ölkəmizə səfər edən İraqın Gənclər və İdman Nazirliyinin idarə rəisi Akram Naem Attvan Al-Hameedavi ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir müavini İntiqam Babayev qonağa ölkəmizdə gənclərlə iş sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb. Bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən həmin siyasətin nəticəsində təhsilli, intellektual və vətənpərvər gənclər yetişir. Məhz bu səbəbdən Prezidentin rəhbərliyi dövründə yüksək vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qalib gələrək xalqımızı tarixi torpaqlarına qovuşdurdular.

Akram Naem Attvan Al-Hameedavi Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında rolu olan gəncləri təbrik edib və bu münaqişədə Azərbaycan xalqının haqlı olduğunu və ərazi bütövlüyümüz barədə BMT-nin bütün qətnamələrini daim dəstəklədiklərini bildirib. Qonaq qeyd edib ki, iki ölkə arasında ictimai, dini və mədəni baxımdan sıx əlaqələr mövcuddur. O, müasir dövrdə gənclərin hərtərəfli inkişafı ilə bağlı onlara dəstəyin verilməsinin çox önəmli olduğunu və İraq xalqının uzun illər üzləşdiyi problemlərin həllində məhz gənclərin müstəsna rol oynadıqlarını vurğulayıb.

Sonra nazir müavini İntiqam Babayev iki ölkə arasında gənclər və idman sahələrində 2012-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı daha da fəallaşdırmağı və konkret tədbirlər planı hazırlayaraq yaradıcı gənclərin, gənc alimlərin canlı və ya onlayn formada görüşlərinin keçirilməsini təklif edib.

Akram Naem Attvan Al-Hameedavi bu fikri dəstəkləyərək gənclər arasında ünsiyyətin vacibliyini vurğulayıb və Azərbaycanın gənclərdən ibarət nümayəndə heyətini İraqda keçiriləcək tədbirlərdə iştirak üçün dəvət edib.

Görüş çərçivəsində, həmçinin iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki ölkədə mütəmadi keçirilən beynəlxalq idman tədbirlərində qarşılıqlı iştirak edildiyi bildirilib. İraqlı qonaq Azərbaycanın bir çox idman növündə uğurlarının olduğunu və gələcəkdə bu sahədəki müsbət təcrübənin öyrənilməsi üçün idman federasiyaları arasında daha sıx əməkdaşlıq etmək istədiklərini bildirib.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.

AZƏRTAC