Azərbaycan ilə Macarıstan arasında sosial və humanitar elmlər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə Macarıstan arasında sosial və humanitar elmlər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Anar Kərimovun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşündə iki ölkə arasında sosial və humanitar elmlər sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Macarıstan ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətləri olduğunu və münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Nazir, həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirir.

Nazir, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək,  mövcud əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın olduğunu qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında xristian abidələrinin bərpasında maraqlı olduqlarını və bu istiqamətdə Liviya, İraq və digər ölkələrdə müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təşəbbüsünü alqışlayıb və hər cür dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Nazir, eyni zamanda Macarıstanın Vesprem şəhərinin 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilməsi, habelə qarşılıqlı birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıb.

Söhbət zamanı işğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin humanitar sahədə əməkdaşlıq çərçivəsində Macarıstanda Azərbaycan dilinin tədris olunması və bununla əlaqədar Azərbaycan tərəfindən müvafiq dəstəyin göstəriləcəyi vurğulanıb, hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə edilib.

AZƏRTAC