Azərbaycan ilə Monteneqro arasında münasibətlər qarşılıqlı hörmətə və dəstəyə əsaslanır
Siyasət

Azərbaycan ilə Monteneqro arasında münasibətlər qarşılıqlı hörmətə və dəstəyə əsaslanır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 11-də Monteneqronun ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Perişa Kastratoviçlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun Bayramov Perişa Kastratoviçi salamlayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq qeyd edilib. İkitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Ceyhun Bayramov, həmçinin səfir Perişa Kastratoviçə münaqişədən sonra bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Səfir Perişa Kastratoviç ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyini vurğuladı.

Tərəflər ikitərəfli münasibətlərin enerji, turizm, humanitar və digər sahələrdə inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

AZƏRTAC