Azərbaycan ilə Türkiyə arasında  hərbi əməkdaşlıq müstəqil dövlətimizin müdafiə gücünü daha da artırır
Türk dünyası

Azərbaycan ilə Türkiyə arasında  hərbi əməkdaşlıq müstəqil dövlətimizin müdafiə gücünü daha da artırır

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun hansı gücə qadir olduğunu bütün dünya gördü. Böyük fədakarlıq göstərən, vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər salnaməmizi yazdılar. Vətən müharibəsinin bitdiyi ilk vaxtlardan etibarən ölkə başçımızın həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlərə başlanıldı.

Öz gücünü, iradəsini bütün dünyaya nümayiş etdirən, ərazi bütövlüyü uğrunda Vətən müharibəsində qalib gələn müstəqil Azərbaycan bu gün hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələrini genişləndirərək əmin-amanlığa, sülhə töhfə vermək, bölgədəki sabitliyi təmin etmək məqsədilə müdafiə qüdrətini daha da möhkəmləndirir. Türkiyə ilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Belə ki, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də qardaş ölkə ilə qarşılıqlı əlaqələr, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimlərdə hərbçilərimizin qazandığı təcrübə mühüm strateji əhəmiyyət kəsb edir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Hərbi bilik və təcrübələrin möhkəmləndirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusu həm də yüksək səviyyəli təlimlərdə iştirak edir. Və bu təlimlər əsasən qardaş Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində reallaşdırılır. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən "Mustafa Kamal Atatürk-2021" birgə döyüş atışlı taktiki təlim, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verən "Üç qardaş-2021" beynəlxalq təlim, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli, nəzəri və praktiki hissədən ibarət olan komanda-qərargah təlimi, Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimi, eyni zamanda əsas hədəfləri terrorçuluqla mübarizə, xilasetmə, silah və sursatlardan istifadə olan, Türkiyə Silahlı Qüvvələrinin ən böyük müştərək və birləşmiş təlimlərindən biri "Efes-2022", Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda aparılan təlimlər Müzəffər Azərbaycan Ordusunun döyüş təcrübəsini, hərbi biliklərini daha da artırır. Artıq Azərbaycan hərbçiləri "QIŞ-2023" təlimində iştirak etmək üçün Türkiyənin Qars şəhərinə yollanıblar.

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri iki ölkə arasında sarsılmaz qardaşlıq əlaqələrinin təzahürüdür. Hərbi və müdafiə sənayesi sahəsində iki qardaş ölkənin müttəfiqliyi Cənubi Qafqaz regionunda sülhə, əmin-amanlığa mühüm töhfələr verir. Ötən il noyabr ayının 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan münasibətlərindən danışarkən demişdir: "Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".

Müasir, beşinci nəsil silahlarla təmin olunmuş, dünya miqyasında ən güclü ordular sırasında yer tutan, qarşısına qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək qabiliyyətinə malik, vətəni, xalqı, milləti yolunda hər an döyüşməyə hazır olan qəhrəman Azərbaycan Ordusu Türk Silahlı Qüvvələrinin modelinə uyğun olaraq gündən-günə daha da təkmilləşdirilir. "Global Firepower" portalında 57-ci yerdə qərarlaşan Azərbaycan ordusunda müxtəlif təyinatlı hərbi hissələrin yaradılması, silah və texnika cəhətdən möhkəmləndirilməsi istiqamətində son dərəcə mühüm əhəmiyyət kəsb edən işlər görülür. Bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibə verən dövlət başçımız komando qüvvələrinin artıq tam şəkildə formalaşdığını, İkinci Qarabağ müharibəsinin əsas yükünü öz üzərinə götürən Xüsusi Təyinatlı Qüvvələrin, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının, Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının, dəniz piyadalarının sayının artırıldığını, maddi-texniki bazasının gücləndirildiyini, Daxili Qoşunların xüsusi təyinatlılarının, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının, dəstələrin, qrupların yaradıldığını bildirmişdir. Prezident İlham Əliyev hələ 15 il bundan qabaq ölkəmizdə hərbi təyinatlı məhsulların istehsalına başlandığını, bu gün isə bir çox ölkənin, əsasən isə Türkiyə və İsrailin şirkətləri ilə bu sahədə yeni kontraktların bağlandığını, eyni zamanda yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə danışıqların aparıldığını, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrə qədəm qoyduğunu və hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satdığını diqqətə çatdıraraq demişdir: "Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır".

Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi və uzaqgörən siyasəti nəticəsində qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də qurulan yüksək səviyyəli əməkdaşlıq əlaqələri müstəqil dövlətimizin müdafiə gücünü daha da artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".