Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Digər xəbərlər

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Fevralın 27-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələri üzrə münasibətlərin daha da genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Söhbət zamanı iki ölkə arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında mövcud siyasi dialoqun mühüm rol oynadığı vurğulanıb. Azərbaycan ilə Ukrayna arasında əlaqələrin genişlənməsində Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna, həmçinin Ukrayna Ali Radasında yaradılmış Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qruplarının fəaliyyətləri yüksək qiymətləndirilib.

Nazir müavini Xələf Xələfov, həmçinin qarşı tərəfi regionda sülh gündəliyinin həyata keçirilməsi və Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Dostluq qrupunun rəhbəri Vladimir Kreydenko öz növbəsində Azərbaycan tərəfinin mövqeyinə və göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.