Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr ildən-ilə genişlənir
Səhiyyə

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr ildən-ilə genişlənir

Ümumdünya beynəlxalq təşkilatları Azərbaycan dövləti ilə əlaqə qurmaqda çox maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində bu tərəfdaşların sayı ildən-ilə artır. Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasındakı əməkdaşlıq buna bariz nümunədir.

25 ildən artıqdır ki, Azərbaycanın ÜST ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu münasibətlər yeni müstəviyə qədəm qoydu. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçımızın uzaqgörən siyasəti sayəsində ÜST-lə əməkdaşlıq daha da möhkəmləndirilib. 2005-ci ilin may ayında Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikası Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-ün İcraiyyə Şurasına üzv seçilib.

Azərbaycan ÜST ilə əməkdaşlığının mühüm nümunəsi kimi Avropa region ölkələrinin 50-dən çox səhiyyə nazirlərinin iştirakı ilə 2011-ci ilin sentyabrında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci illik sessiyası Bakıda keçirilmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin də iştirak etdiyi bu tədbirdə bir sıra qlobal problemlər ətrafında müzakirələr aparılmış, “Səhiyyə 2020” sənədi qəbul edilmişdir.

Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə Avropa Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü görüşü keçirilmişdir. Avropa Regional Komitəsinin Kopenhagendə keçirilmiş 59-cu sessiyasında Azərbaycan 3 il müddətinə (2009-2012-ci illər) qurumun Daimi Komitəsinə, 2012-2015-ci illərdə isə Ümumdünya Səhiyyə Təşkilatına üzv seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin fəaliyyətinin prioritetlərindən biri kimi ÜST ilə əməkdaşlıq ildən-ilə genişləndirilir, ÜST-ün bölmələri ilə yeni əməkdaşlıq münasibətləri qurulur. Ümumdünya Səhiyyə Assambleyasında, ÜST-ün İcraiyyə Şurasında, bu təşkilatın Avropa Regional Ofisinin sessiyalarında, komitə iclaslarında, o cümlədən il ərzində bu qurumun təşəbbüsü ilə keçirilən iclaslarında ölkəmizin təmsilçilərinin fəal iştirakı təmin edilmişdir.

ÜST-ün Avropa Regional Ofisinin baş direktoru və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış 2012-2013-cü illər üzrə iki illik əməkdaşlıq sazişi ictimai sağlamlığın gücləndirilməsi, qeyri-yoluxucu xəstəliklər, sağlamlığın  təşviqi və sağlam həyat tərzi, yoluxucu xəstəliklər, səhiyyə təhlükəsizliyi və ətraf mühit, habelə səhiyyə informasiyası, tədqiqatlar və innovasiya kimi sahələri müəyyən etmişdir. ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və digər məsələlərlə bağlı çoxsaylı layihələr icra edilməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə həyata keçirilən DOTS layihəsi çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərində vərəm dispanserlərinə vərəm əleyhinə dərman vasitələri, rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar verilib. Layihədə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kursların keçirilməsi nəzərdə tutulur. Bu proqramlara bir sıra qeyri-hökumət təşkilatları da qoşulmuşdur.

MECACAR-poliomielitin ləğv edilməsi üzrə genişmiqyaslı proqram ölkəmizdə 1995-ci ildən həyata keçirilir. Proqrama BMT-nin Uşaq Fondu (UNİCEF) da dəstək nümayiş etdirir. CARAK-ın uşaq və anaların qorunması üzrə proqram, eləcə də difteriyaya nəzarət proqramı çərçivəsində paytaxtda və bölgələrdə tədris kursları təşkil edilmişdir.

Ailə planlaşdırılması üzrə proqramın həyata keçirilməsi üçün Gəncə və Sumqayıt şəhərləri seçilib. Ruhi sağlamlıq üzrə proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif dərmanlar gətirilib və yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən pilot şəhər qismində Qubaya və digər rayonlara göndərilmişdir.

ÜST-ün baş direktoru COVİD-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr ildən-ilə genişlənir.

Kamil İSMAYILOV,

“Respublika”.