Azərbaycan İrana beynəlxalq norma və prinsiplər müstəvisində cavab verəcək
Digər xəbərlər

Azərbaycan İrana beynəlxalq norma və prinsiplər müstəvisində cavab verəcək

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməsi cəmiyyətimizi ciddi şəkildə narahat edir. Tezliklə bu hadisəni törədənlərin və arxasında dayanan qüvvələrin aşkarlanıb cəzalandırılması tələb olunur. Rəsmi Bakı İrandan hadisə ilə bağlı obyektiv araşdırma aparmasını və tədqiqatın nəticələrini təqdim etməsini gözləyir. Lakin molla rejiminin hadisəni obyektiv araşdıracağına etimad çox zəifdir. Çünki son zamanlarda İran Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, əsassız ittihamlar səsləndirir, ikitərəfli münasibətləri qəsdən gərginləşdirir. Odur ki, terror yuvasına çevrilən və Azərbaycanla bariz düşmənçilik aparan İran dövlətinin adekvatlığına güvənmək olmaz. Bu məqamda beynəlxalq təşkilatlara müraciət zəruri hal alır.

Azərbaycanın hakim dairələri artıq diplomatik nümayəndəliyimizə edilən silahlı hücum və terror aktını törədənlərin cəzalandırılması, eləcə də Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sənədləri beynəlxalq təşkilatlar və platformalara təqdim edib. Lakin bu dəfə də İran prosesə maneə olmağa cəhd edib. Molla rejimi və onun əməl yoldaşları terror hücumunun beynəlxalq müstəvidə ifşa olunmasının qarşısını almağa çalışıb. Hücumdan dərhal sonra Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan tərəfindən təqdim edilmiş kommunike və bəyanat layihələrinə İran etiraz edib. Bəhanə olaraq isə bildirilib ki, guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdəki terror hücumları pislənməyib. Təşkilatda 120 ölkə arasından İranın mövqeyinə dəstək verənlər isə yalnız Suriya və Hindistan olub. Bu da təsadüfi deyil, çünki hər iki ölkənin günahsız insanların qanında əli var. Rəsmi Dehli indiyədək terror təşkilatlarına 22 milyard dollardan çox maliyyə ayırıb. Bundan əlavə, 2021-ci ildə Lahorda baş verən  partlayışa və digər terror aktlarına görə də məsuliyyəti Hindistan daşıyır. Digər tərəfdən bu ölkənin Ermənistana qanunsuz şəkildə silah daşıdığı da hər kəsə məlumdur. Suriya isə terroru dövlətçilik ənənəsi halına gətirib və bu yolla davamlı olaraq Türkiyəyə təzyiq edir. Bu səbəbdən də, sözügedən 2 ölkənin Tehranı dəstəkləməsi siyasi ideologiya yaxınlığından irəli gəlir.

Bununla belə, bütün maneələrə baxmayaraq, İrandakı səfirliyimizə qarşı terror aktının geniş şəkildə pislənməsi, hadisəni törədənlərin cəzalandırılması üçün ölkəmiz bütün beynəlxalq platformalardan istifadə edəcək. Çünki rəsmi Bakı heç bir terroristin və onun himayədarlarının cəzasız qalmasına göz yuma bilməz. Azərbaycanın son dövrdə qazandığı uğurları həzm edə bilməyən qüvvələr təxribatçı addımlarla rəsmi Bakıya təzyiq etdiklərini düşünürlər, amma yanılırlar. Azərbaycan hökuməti bundan sonra da regionun əsas siyasi gücü olmaq yolunda qətiyyətli addımlar atacaq, milli maraqlara söykənən siyasətini davam etdirəcək.

Jalə QASIMZADƏ,

"Respublika".