Azərbaycan-İtaliya strateji müttəfiqliyi möhkəmlənir
Digər xəbərlər

Azərbaycan-İtaliya strateji müttəfiqliyi möhkəmlənir

Bunu qəzetimizə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ADA universiteti ilə İtaliyanın beş nüfuzlu universiteti arasında əməkdaşlıq strateji baxımdan millətin gələcək intellektual inkişafına hesablanmış addımdır. İyirmi birinci əsr yüksək texnologiyaların, intellektlərin mübarizəsi əsridir. Prezident İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" siyasətini özündə əks etdirən təhsil siyasətinin aparılması bu gün ən aktual məsələdir. Hər bir dövlətin milli, iqtisadi, ərzaq və digər təhlükəsizliklərinin təmin olmasında, savadlı, peşəkar kadrların hazırlanması, əmək bazarının mövcud şərtlərə uyğun çevik şəkildə formalaşdırılması durur. Bu baxımdan, İtaliya beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə, Avropanın həcminə görə beşinci iqtisadiyyata malik, "Böyük yeddiliyin" üzvüdür. Eyni zamanda, dərin tarixi, mədəni irsi özündə əks etdirən sivilizasiyanın beşiyidir. İtaliya həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərində ölkəmizin bir nömrəli ticarət tərəfdaşı olaraq həyata keçirilən iqtisadi layihələrdə fəal əməkdaşlıq edir. Qarabağ məsələsində haqlı mövqeyimizi dəstəkləyən hərtərəfli inkişaf edən ölkə ilə siyasi, iqtisadi, mədəni, elmi əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatdırılması Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin nəticəsidir və Azərbaycanın milli maraqlarına tam cavab verir.

M.QULUYEV,

"Respublika".