Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənət ocağı
MÜSAHİBƏLƏR

Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənət ocağı

Azərbaycan mədəniyyətinin inkişafı daim dövlətimizin diqqət mərkəzində olub. Mövcud mədəniyyət müəssisələrinin təmir edilməsi, yenilərinin tikilib istifadəyə verilməsi, bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi, onların sosial problemlərinin, məişət qayğılarının həll olunması dövlət başçısının çoxşaxəli fəaliyyətində əsas yer tutur. Onu da deyək ki, xalqımızın əzəli yurd yerlərində olan, bu günümüzə qədər gəlib çatan tarixi abidələrimizin qorunub saxlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu günlərdə Azərbaycan Prezidentinin İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevlə söhbət zamanı o, mədəniyyətimizin inkişafına dövlət qayğısından, uzun illərdən bəri rəhbərlik etdiyi teatrın inkişaf mərhələlərindən danışdı. Onunla müsahibəni oxuculara təqdim edirik.

–İftixar müəllim, məlumdur ki, bu il İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi tamam olur. Gəlin, elə söhbətimizə bu günlərdə ölkə başçısının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolu olan İrəvan Azərbaycan Teatrı haqqında imzaladığı sərəncamla başlayaq. Bu sərəncamı cənab Prezidentin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğısının fonunda necə dəyərləndirirsiniz?

–Bəli, bu il C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 yaşı tamam olur. Həmişə dövlətimizin qayğısı ilə fəaliyyət göstərən bu qocaman sənət ocağının kollektivinə Prezidentimizin 14 iyul tarixli sərəncamı böyük sevinc yaşatdı. Bu sərəncam İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətinə verilən ən dəyərli mükafatdır.

Biz, İrəvan Teatrının kollektivi həmişə 14 iyul tarixini ulu öndərimizin xilaskarlıq missiyasına başladığı gün kimi qeyd edirik. Bu il həmin hadisənin təntənəsini yaşadığımız bir gündə ildırım sürətilə yayılan xoş xəbər bizi bir daha məmnun etdi. Bu sərəncam təkcə mədəni hadisə deyil, İrəvan eşqi ilə yaşayan hər kəs üçün həm də siyasi hadisə kimi dəyərlidir. Biz bundan sonra 14 iyul gününü iki mühüm hadisə kimi bayram edəcəyik.

–İrəvan teatrının tarixinə, keçdiyi keşməkeşli yola qısaca nəzər salmaq yaxşı olardı. Sirr deyil ki, mənfur qonşularımızın əsrlər boyu Azərbaycan xalqı ilə apardığı ədavət bu teatrdan da yan keçməyib.

–1882-ci ilin 2 aprel tarixində, gimnaziya tələbələrinə maddi dəstək məqsədi, yəni, xeyriyyəçilik məramı ilə M.İsmayılın "Tamahkarlıq düşmən qazanar" vodevili əsasında hazırlanmış tamaşa ilə peşəkar fəaliyyətə başlayan İrəvan Azərbaycan Teatrı böyük bir yaradıcılıq yolu keçib. 1886-cı ildə böyük maarifçi, mütəfəkkir Firudin bəy Köçərlinin Qori Müəllimlər Seminariyasını bitirərək çalışmaq üçün İrəvana gəlişi İrəvan Azərbaycan Teatrının yaradıcılıq fəaliyyətində ciddi dönüş yaratdı. Daha sonra C.Məmmədquluzadənin İrəvan şəhərinə gəlməsi də teatrın inkişafına öz təsirini göstərdi. Sonrakı illərdə görkəmli teatr xadimləri H.Ərəblinski, M.A.Əliyev, Ü.Rəcəb, A.M.Şərifzadə və bu kimi bir sıra digər sənət korifeyləri İrəvan Azərbaycan Teatrının inkişafına mühüm töhfələr vermişlər.

Beləliklə, teatrın getdikcə artan yaradıcılıq dinamikası 1928-ci ildə Ermənistan Sovet Sosialist Respublikasını teatra dövlət statusu vermək məcburiyyətində qoydu. 1935-ci ildə isə bu sənət ocağı ölməz dramaturq C.Cabbarlının adını daşımaq haqqını qazandı. Yaradıcılıq səviyyəsi getdikcə artan Azərbaycan Teatrını Ermənistan Respublikasının rəhbər dairələri qısqanmağa başladılar və onun bağlanması üçün yollar axtardılar. Nəhayət, bir yolla teatrı mərkəzdən əyalətə köçürdülər və 1951-ci ildə bağladılar. Ancaq teatrın əzmkar kollektivi heç vaxt fəaliyyətini səngitmədi. Əyalətdə olsa da, xalq teatrı qismində yaradıcılığını davam etdirdi. Bu vəziyyətlə barışmayan yerli ziyalıların və sənət fədailərinin ciddi səyi sayəsində, eləcə də Azərbaycan Respublikasının tələbləri ilə teatr 1967-ci ildə bərpa olundu. 1968-ci ildə teatra gənc jurnalist Hidayət Orucov direktor təyin olunduqdan sonra bu sənət ocağı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Qafqazın ən öndə gedən teatrları sırasına yüksəldi. Hətta mərkəzin (Moskva) teatr xadimlərinin diqqətini cəlb etdi. O qədər yüksək nüfuz qazanmışdı ki, Ermənistanın mədəniyyət naziri kollegiya yığıncaqlarında əsəbi şəkildə İrəvan Azərbaycan Teatrının uğurlarını dilə gətirir, erməni teatrlarının rəhbərlərini zəif fəaliyyətlərinə görə danlayırdı. Təəssüflər olsun ki, İrəvan mühitində öz yaradıcılıq gücü ilə ön plana çıxan bu nəhəng sənət ocağı erməni şovinist qüvvələrinin qəsdinə məruz qaldı və ermənilərin soydaşlarımıza qarşı törətdikləri məlum etnik təmizləmə siyasəti nəticəsində 1989-cu ildə Azərbaycana pənah gətirdi.

İrəvan Azərbaycan Teatrı yarandığı gündən etibarən öz varlığı ilə həm xeyirxah mövqe tutmuş, həm də İrəvanda mədəni mühitin formalaşmasında və inkişaf etməsində mühüm rol oynamışdır. Azərbaycan teatr sənətinin dirçəlməsinə böyük töhfələr vermiş bu sənət ocağında yetişən sənətkarlar ümumən Azərbaycan teatrlarının səhnələrinin bəzəyinə çevrilmişlər. Xüsusən Akademik Milli Dram Teatrının səhnəsində İrəvan Azərbaycan Teatrının bazasında yetişmiş görkəmli aktyorlar özlərinə layiqli yer tuta bilmişlər. Həmin sənətkarlardan Əli Zeynalovun, Ətayə Əliyevanın, İsmayıl Dağıstanlının, Kamil Qubuşovun, Kazım Ziyanın, Rza Əfqanlının, Məmmədsadıq Nuriyevin, Həsən Mirzəyevin, Yusif Yulduzun adlarını çəkmək olar.

İrəvan Azərbaycan Teatrının səhnəsi Azərbaycanın ən görkəmli teatr xadimləri, mütəfəkkirləri, ədibləri üçün geniş yaradıcılıq meydanı olmaqla yanaşı, həm də xalqımızın maariflənməsi, savadlanması üçün ən münbit bir məkan idi. Bu səhnədə N.Kamal, U.Şekspir, F.Şiller, J.B.Molyer, A.Qlebov, A.Korneyçuk, A.Puşkin, B.Lavrenyov, Ş.Sami, G.Mdivani və s. kimi dünya dramaturqlarının əsərləri tamaşaya hazırlanmışdır. Eyni zamanda, Azərbaycanın ən müqtədir yazıçılarının əsərləri bu teatrın səhnəsində öz tamaşa taleyini yaşamış, M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, C.Cabbarlı, Ü.Hacıbəyli, S.M.Qənizadə, C.Məmmədquluzadə, H.Cavid, İ.Əfəndiyev, B.Vahabzadə, N.Həsənzadə, Elçin, Anar, H.Orucov kimi müəlliflərin əsərləri teatrın repertuarını daha da zənginləşdirmişdir.

Ölməz M.Ə.Sabirin "Hophopnamə" kitabının ilk nəşrinin xərcinin böyük bir hissəsi İrəvan Azərbaycan Teatrında oynanılan tamaşalardan əldə olunan gəlir hesabına ödənilmişdir. Səhnəyə qoyulan tamaşaların əvvəlində Sabirin şeirlərindən nümunələr oxunur və əldə olunan gəlirin bir hissəsi kitabın xərci üçün ayrılırdı. İrəvan teatrı 2011-ci ildə Türkiyə səfərində göstərdiyi tamaşalardan əldə olunan gəliri bütöv halda zəlzələdən dağılmış Van Dövlət Teatrına ianə olaraq göndərmişdi. Ümumiyyətlə, İrəvan Azərbaycan Teatrı hər zaman belə xeyirxah aksiyalara qoşulmuşdur və bu gün də ənənəsinə sadiqdir.

–İftixar müəllim, qaçqın həyatını yaşayan bir mədəniyyət ocağının rəhbəri kimi istərdik ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dövründən söhbət açasınız.

–Teatrın Bakı dövrü barədə qısa olaraq onu deyə bilərəm ki, 1989-cu ildən 1994-cü ilə qədər Akademik Milli Dram Teatrının səhnəsində "Teatr-studiya" kimi fəaliyyətini davam etdirmiş, Xırdalan şəhərində yerləşən Mədəniyyət Sarayında məskunlaşmış, 1994-cü ildə ulu öndər Heydər Əliyevin qayğısı ilə dövlət statusu özünə qaytarılmış, Bakı şəhərində Nəsimi rayonu ərazisində yerləşən H.Sarabski adına Mədəniyyət Evinə köçürülmüşdür.

İrəvan dövründə repertuarında olmuş köhnə kiçik tamaşaları bərpa etmiş və bir neçə yeni tamaşa hazırlamış, ümumilikdə, 1989-cu ildən 2000-ci ilə qədər köhnəli-təzəli 12 səhnə əsəri ilə tamaşaçı qarşısına çıxmışdır. 2000-ci ildən bu günə qədər isə teatrımız yüzə yaxın əsərə səhnə həyatı vermişdir. Ümumilikdə, İrəvan Azərbaycan Teatrında yarandığı dövrdən bu günə qədər 400-ə yaxın tamaşa hazırlanıb. Onların yüzə yaxını Bakı dövrünə aiddir. Hazırlanan tamaşalarla respublika miqyaslı geniş qastrol səfərləri ilə bərabər dəfələrlə Türkiyə Cümhuriyyətində, Gürcüstan və Dağıstan respublikalarında uzunmüddətli, geniş coğrafiyanı əhatə edən böyük qastrol səfərlərində olmuşdur. Fəaliyyətinin geniş miqyas alması ölkə rəhbərinin diqqətindən kənarda qalmadığı üçün 2007-ci ildə teatrımızın 125 illiyi möhtərəm İlham Əliyevin sərəncamı ilə həm Azərbaycanda, həm də Türkiyə Cümhuriyyətində təntənəli şəkildə qeyd olunmuş, kollektivimizin bir qrup sənətkarı fəxri adlara layiq görülmüşdür. Teatrımız Binəqədi rayonu ərazisində H.Ağamalıyev küçəsində böyük bir bina ilə təmin olunmuşdur. Hazırda binada aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

140-cı mövsüm ərzində iki tamaşaya quruluş verilmiş, iki tamaşanın isə məşqləri aparılır. Onlardan özbək dramaturqu K.Norkabilin "Beş dul qadın və bir rəis" komediyası teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin quruluşunda hazırlanaraq tamaşaçıların ixtiyarına verilib. Tamaşanın premyerasında müəllif və müəlliflə bərabər daha beş nəfər də iştirak edib. Tamaşanı yüksək dəyərləndirən qonaqlar kollektivi Özbəkistana dəvət ediblər. İkinci hazırlanan tamaşa isə görkəmli şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi" tarixi-xronikal dramı oldu. Tamaşa Xalq artisti Firudin Məhərrəmovun quruluşunda hazırlandı.

U.Şekspirin "Kral Lir" faciəsinin quruluşunu istedadlı rejissor Elvin Mirzəyev vermişdir. Hazırda qızğın və səmərəli məşqlər gedir. Növbəti hazırlanması nəzərdə tutulan əsər M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" əsəridir. Beləcə, İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz fəaliyyətini davam etdirir. Bu yolda bizə dayaq olan, qayğı göstərən Prezidentimiz İlham Əliyevə minnətdarıq.

–Bu gün teatrda müasir texnologiyalardan necə istifadə olunur?

–Müasir texnologiyalardan rejissorların bilik və bacarığı dərəcəsində onların düşüncə imkanlarına uyğun şəkildə istifadə olunur. Hazırda binamız təmirdə olduğu üçün tamaşa oynadığımız teatr səhnələrinin mövcud texniki imkanlarından gərəyincə yararlanırıq. Öz binamızın təmirindən sonra isə burada ən modern texniki avadanlıqların quraşdırılması nəzərdə tutulur.

–İrəvan Dövlət Azərbaycan Dram Teatrının gələcək perspektivləri haqqında nə deyə bilərsiniz?

–Təbii ki, perspektivdə bizi çox maraqlı layihələr gözləyir. Teatrımızın uzunmüddətli yaradıcılıq plan-prospektini müəyyənləşdirmişik. Çoxmilli, rəngarəng tamaşalar hazırlamağı nəzərdə tuturuq. Böyük festivallara qatılmaq məqsədilə ən maraqlı əsərlərə müasir yanaşma ilə səhnə həyatı verməyi qarşımıza məqsəd qoymuşuq. Bugünkü repertuarımız və hazırladığımız tamaşaların miqyası buna əsas verir. Heç şübhəsiz ki, bütün bunlar binamızın təmirindən sonra daha da sürətlənəcək.

–Müsahibəyə görə çox sağ olun. Biz də yaradıcı kollektivinizə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Müsahibəni apardı:

Mehparə ƏLİYEVA,

"Respublika".