Azərbaycan Memarlar İttifaqının yeni seçilmiş İdarə Heyətinin birinci təşkilati plenumu
Digər xəbərlər

Azərbaycan Memarlar İttifaqının yeni seçilmiş İdarə Heyətinin birinci təşkilati plenumu

Dünən Azərbaycan Memarlar İttifaqının yeni seçilmiş İdarə Heyətinin birinci təşkilati plenumu keçirilib.

Plenumu giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə qurumun katibliyinin ötən illərdə fəaliyyəti barədə məlumat verib.

Son 5 ildə katibliyin çox böyük işlər gördüyünü vurğulayan E.Qasımzadə bu barədə Memarlar İttifaqının qurultayında da geniş məlumat verildiyini deyib. Katibliyin Memarlar İttifaqının işçi orqanı olduğunu xatırladan sədr bu baxımdan sözügedən orqanın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Qeyd olunub ki, növbəti 5 ildə katiblik qarşısında daha mühüm vəzifələr qoyulacaq və vəzifə bölgüsü aparılacaq.

Memarlar İttifaqının sədri nəzərə çatdırıb ki, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən tikinti və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlər görülüb.

Dövlətimizin başçısı İlham Əliyev tərəfindən respublikada şəhərsalma və memarlığın inkişafına da daim diqqət göstərilir. Şəhərlərimizin və işğaldan azad edilmiş rayonların Baş planları tərtib olunur. Bu baxımdan şəhərsalma istiqamətində Memarlar İttifaqının da Katibliyi olmalıdır.

Tədbirdə Memarlar İttifaqı Katibliyinin və yaradıcılıq komissiyalarının yeni tərkibi barədə məsələyə baxılıb.

Əvvəlcə tədbirə dəvət olunan yubilyar memarlara Fəxri fərmanlar təqdim olunub.

Müzakirələrdən sonra Memarlar İttifaqına 5 katib və 11 komissiya üzrə sədrlər seçilib. Komissiyaların sədrlərinə Katibliyin növbəti iclasınadək komissiyaların tərkibləri və Tədbirlər planlarını hazırlayıb təqdim etmələri tapşırılıb.

Gündəliyin 4-cü məsələsi üzrə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "XX əsr Azərbaycan memarlıq sənətində Heydər Əliyev fenomeni" mövzusunda Azərbaycan Memarlıq İttifaqı İdarə Heyətinin Plenumu və elmi-praktik konfransına hazırlıq barədə İdarə Heyətinin üzvləri öz fikirlərini bildiriblər.

Sonra Azərbaycan Memarlar İttifaqının 2023-cü il üçün Tədbirlər Planı müzakirə olunub və əlavə təkliflər qeyd edilib.

Sonda Beynəlxalq Memarlar İttifaqının dəstəyi, Azərbaycan Memarlar İttifaqının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin elan edilməsi barədə məsələyə baxılıb.

Ülvi QARAYEV,

“Respublika”.