Azərbaycan milli-mədəni dəyərlərlə zəngindir
Digər xəbərlər

Azərbaycan milli-mədəni dəyərlərlə zəngindir

Bu, bir gerçəklikdir ki, ölkəmizin bütün regionlarında mədəni müxtəliflik həyat tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitliyin, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılmasının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsindən xilas etməklə yanaşı, ölkədə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə nail olmuşdur.

Ulu öndər Heydər Əliyev kursunun layiqli varisi, Prezident İlham Əliyev bu birlik, bərabərlik konsepsiyasına yeni nəfəs verdi, onu daha da zənginləşdirərək təkmilləşdirdi. Bu proses Azərbaycanı multikulturalizm modeli kimi formalaşdırıb ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirib. Multikulturalizm siyasəti bu gün Azərbaycan xalqının qiymətli sərvətidir. Bu xəzinə həm də beynəlxalq münasibətlərdə mühüm dəyərə malik, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun qurulmasını sürətləndirən, onun effektivliyini artıran mühüm amillərdən biridir.

Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaması dövlət başçısının multikultural cəmiyyətə inteqrasiya və idarəetmə siyasətinin uğurlu nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın multikulturalizm modelinin digər ölkələrlə müqayisədə müsbət mənada kəskin fərqlənməsinin əsas səbəbi, ilk növbədə onun dövlət siyasəti olmaqla yanaşı, həm də xalqın həyat tərzinin bir parçası kimi mövcudluğudur. Siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktları ilə yanaşı, fərman və sərəncamlarda da qeyd olunan bu siyasət, eyni zamanda ölkənin sosial-iqtisadi, mədəni sahələrdə inkişafını da təmin edir.

Prezident İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etmişdir. Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğulamış, bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırmışdı.

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit isə Azərbaycanın yəhudi icmasının fəaliyyətinin möhkəm təməllər üzərində qurulduğunu vurğulamış, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. P.Qoldşmit, həmçinin Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu söyləmiş, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını qeyd etmişdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması konfessiyalar arasında dözümlülük mühitini dövlət səviyyəsində qoruyub saxlamışdır. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də bu missiyanı uğurla yerinə yetirir. Belə ki, müxtəlif dini konfessiyaların nümayəndələri daim Azərbaycan xalqı ilə həmrəy olmuş, Vətənimizin azadlığı və müstəqilliyi naminə əzmlə mübarizə aparmışlar. Fərqli dinlərə mənsub və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçərək şəhidlik məqamına yüksələn vətəndaşlarımızın son mənzili olan Şəhidlər Xiyabanı indi bizim təkcə müqəddəs məkanımız yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur.

Tərəqqimizin təməlində dayanan Azərbaycanın multikulturalizm modeli bütün dünyaya müasir inkişaf nümunəsi göstərmiş və artıq özünü sübut etmişdir. Hazırda ölkəmizin bu sahədə təcrübəsi bir örnək kimi qəbul edilir.

Müşfiq MİRZƏ,

"Respublika".