Azərbaycan milli mətbuatının banisi
Sosial həyat

Azərbaycan milli mətbuatının banisi

Azərbaycanda milli hərəkatın təşəkkül tapmasında xidmətləri olan ziyalılardan danışarkən tədqiqatçılar həmin dönəmin XIX əsrin ortalarından başladığını qeyd edir, M.F.Axundov və H.B.Zərdabinin üzərində daha çox dayanırlar. Məhz ilk dəfə M.F.Axundzadə XIX əsrin ikinci yarısından "mütəəssib və qaranlıq mühitdə ictimai və fikri bir inqilab doğuraraq" millətçiliyə doğru gedən yolun ilk cığırını açır. Bu mərhələnin Axundzadədən sonra tanınmış ikinci böyük siması isə H.Zərdabi idi. Çünki Axundzadənin müasirləri içərisində onun seçdiyi "doğru yola" ilk dəfə öncüllük verən H.B.Zərdabi olur. O, Axundzadə ideyalarının "yetirib ərsəyə gətirdiyi mübariz xələfi" və onun mütərəqqi, demokratik, maarifçi ənənələrinin "sadiq davamçısı" kimi, milli mətbuatın binasını qoymuş, milli teatr yaratmış, həm elm və maarif yolunda çalışan, avropalaşma tərzində "üsuli-cədid" məktəblərinin açılmasını irəli sürən görkəmli maarifpərvər idi... Ömrünü məşələ çevirmiş, feodal-patriarxal həyat tərzinə, nadanlığa, fanatizmə, özbaşınalığa, Rusiya imperiyası üsul-idarəsinin ədalətsizliyinə, qanunsuzluğuna qarşı mübarizə aparmışdır.

Həsən bəy Məlikov Zərdabi 1837-ci il iyunun 28-də Azərbaycanın Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində doğulmuş, kiçik yaşlarında mədrəsədə ibtidai təhsil almışdır. 15 yaşı olanda atası Səlim bəy onu Şamaxı şəhərindəki üsuli-cədid məktəbinə göndərmişdi. Sonra Zaqafqaziyanın mədəni mərkəzi olan Tiflisdə Birinci şəhər gimnaziyasında orta təhsilini qızıl medalla bitirmiş, 1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsində dövlət hesabına təhsil almışdır. Universiteti 28 yaşında namizədlik dərəcəsi ilə bitirən Həsən bəy böyük arzularla vətənə dönür, Tiflis Mərz palatasında məhkəmə üzvü vəzifəsində işə düzəlir. Borçalının təhkimçilikdən tamamilə azad olmamış kəndlərinin ağır vəziyyəti, becərdikləri torpaqlarının əllərindən alınması, mal-mülkünün talan edilməsi və s. məsələlər onu çox narahat edirdi. Həsən bəyin kəndlilərə hüquqlarını başa salması, onları müdafiə etməsi isə rəsmi dairələrdə ciddi etiraza səbəb olurdu...

Ailəsi ilə birgə Bakıya qayıtdıqdan sonra daha fəal şəkildə işləməyə başlayır. 1872-ci ildə müsəlman tələbələrinə yardım cəmiyyətini təşkil etməyə müvəffəq olur, çətinliklə də olsa şagirdləri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə cəmiyyət üçün ianə toplayır. 1873-cü ildə yenə də həmin şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində birinci olaraq teatr tamaşası göstərir, Mirzə Fətəlinin "Hacı Qara" əsərini oynayırlar. Əsər gimnaziyanın zalında göstərilir. Bu yeni təşəbbüsü alqışlayanlar olsa da, mövhumatçıları coşdurmuşdu, Həsən bəy və şagirdləri böyük təhlükə altında idi. Həsən bəy deyirdi: "Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik". O, belə xəyallar içərisində çırpınırdı.

Qəzetin nəşrinə icazə almaq yeddi il çəkdi. Nəhayət, Həsən bəy 1875-ci ildə arzu etdiyi qəzeti "Əkinçi" adı ilə nəşr etməyə icazə ala bildi.

Qəzetin ilk nömrəsi 1875-ci il iyul ayının 22-də çıxdı və elə ilk gündən Rusiya müsəlmanlarını hərəkətə gətirdi. Cəmiyyət də hərəkətə gəlmişdi. Həsən bəy əhalini oxumağa alışdırmaq məqsədilə qəzeti artıq nəşr edib pulsuz paylayırdı. Adamlar isə onu oxumaq istəmirdi. Həsən bəy bundan ruhdan düşmür, çətinliklə də olsa onun nəşrini davam etdirirdi. O, deyirdi: "Mən adamları qəzet oxumağa öyrədəcəyəm, alışandan sonra özləri qəzetsiz darıxacaqlar".

Qəzet yavaş-yavaş öz işini görürdü. Əvvəllər onu ancaq tanışlar, şagirdlərinin valideynləri və hökumət idarələrində oxuyurdular. Sonra isə artıq ucqarlardan, Rusiyanın daxili quberniyasından: Renzadan, Tambovdan, Ryazandan, Xəzərin o tayından abunələr gəlirdi. Qəzetə öz hekayələrini, şeirlərini, tənqidi məqalələrini göndərən müəlliflərin də sayı artırdı.

1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlandı və o, yavaş-yavaş möhkəmlənməkdə olan "Əkinçi"yə də ziyan vurdu. Qəzetə senzor nəzarəti gücləndirildi. Onun bağlanmasından qorxaraq Həsən bəy çox ehtiyatla hərəkət edir, rus ordusunun ilk vaxtlardakı uğursuzluqları, onun siyasi və maliyyə məsələləri barədə ən kiçik məlumatdan belə uzaq qaçırdı. Qəzetdə kənd təsərrüfatı xəbərləri, gigiyenaya dair və s. məqalələr dərc olunurdu. Ona görə də qəzet məqsədindən bir qədər uzaqlaşmışdı, oxucu marağına cavab vermirdi. Lakin Həsən bəy, nəyin bahasına olursa-olsun, qəzeti qoruyub saxlamaq istəyirdi...

Nəhayət, qəzet bağlandı. Həsən bəy oxuculardan, dostlarından təəssüf dolu məktublar alırdı. Onlar Həsən bəyə ikinci bir qəzet çıxarmağı məsləhət görürdülər. Ancaq bu, artıq mümkün deyildi, çünki hökumət Həsən bəyi təqib edirdi. Onun Bakıda qalması təhlükəli sayıldığından hökumət 1879-cu ildə onu "nəzakətlə" sürgün etmək qərarına gəlmişdi.

Həsən bəy "Həyat" qəzetinin 1905-ci il 28 dekabr tarixli, 129-cu sayında "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində yazırdı: "...Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralayanlar da Bakı müsəlmanları oldu ki, oraya xaricilərdən intixab etdilər. Belə də mən nə ki, "Əkinçi"ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçüb getdim".

Demək olar ki, o, ömrünün axırına qədər yoxsul kəndlilərin mənafeyinin qorxmaz müdafiəçisi kimi çıxış etmişdir. O, Tiflisdə çıxan "Kavkaz", "Novoe obozreniye", "Ziya" ("Ziyayi-Qafqaz"), Bakıda çıxan "Kaspi" və başqa qəzetlərə müntəzəm surətdə məqalələr yazaraq bir tərəfdən kəndliləri "zəli kimi soran" qolçomaqları, kəndxudaları, kəndlilərin avamlığından istifadə edib onları aldadan və amansız istismar edən mollaları, rüşvətxor çar məmurlarını və başqa cəhalətpərəstləri özünəməxsus bir cəsarətlə ifşa edir, digər tərəfdən kəndliləri öz hüquqlarını başa düşməyə, hər cür zülmə müti qul kimi dözməməyə, istismarçılara qarşı müqavimət göstərməyə çağırırdı.

H.B.Zərdabinin kənddəki fəaliyyəti də, Bakıda olduğu kimi, eyni dərəcədə kəndli əməyini istismar edən mülkədarları, kənd qolçomaqlarını, mollaları, şeyxləri, kəndlərdə özbaşınalıq edən çar məmurlarını narahat edirdi.

Belə ki, kənddə olduğu dövrdə Zərdabi kəndlilərin mənafeyini müdafiə etdiyi üçün müxtəlif bəhanələrlə beş dəfə məhkəmə məsuliyyətinə cəlb olunmuş, o, bu məhkəmə proseslərindən kəndlilərin hüquqsuz vəziyyətini göstərmək və çar məmurlarının özbaşınalığını ifşa etmək üçün istifadə etmişdi.

1896-cı ildə Bakıya qayıtmış və ömrünün sonunadək "Kaspi" qəzetində əməkdaşlıq etmişdir. O, bu müddət ərzində yalnız bir jurnalist kimi deyil, həm də qızğın ictimai fəaliyyət göstərmişdir. Yeddi il ərzində Bakı şəhər dumasının üzvü olmuş və şəhər zəhmətkeşlərinin mənafeyi uğrunda cəsarətlə mübarizə aparmışdır.

H.B.Zərdabi fəlsəfəyə dair xüsusi əsər yazmasa da, onun məqalə və əsərlərinin təhlili göstərir ki, o, yalnız maarifçi ictimai xadim deyil, həm də görkəmli mütəfəkkir olmuşdur.

H.B.Zərdabi 1907-ci il noyabrın 28-də Bakıda iflic xəstəliyindən vəfat etmişdir. Onun yaratdığı "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının təməli qoyuldu. Ondan sonra Azərbaycan dilində nəşr edilən tərəqqipərvər qəzet və jurnallar "Əkinçi"nin demokratik ənənələrini yeni şəraitdə davam və inkişaf etdirdilər.

Zümrüd QURBANQIZI,

"Respublika".