Azərbaycan muğamı: dünya mədəniyyətinin şah əsəri
Mədəniyyət

Azərbaycan muğamı: dünya mədəniyyətinin şah əsəri

26 Avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Oxu tar, oxu tar!.. Oxu ki, simlərindən süzülən muğam yanğısı ruhumuza çilənsin. Sözün gerçək mənasında səsin sükutu, Şərq dünyəvi məclislərinin sənət incisi, ilk dünyəvi sənət beşiyinin müjdəçisi, incə şeiriyyətlə musiqi cütlüyünün yaratdığı estetik dəyərdir muğam. Muğam kainatın hər sənətkara, hər dinləyiciyə açılmayan kodlaşmış informasiyası, ruhun qidası, onun saflaşmasına, inkişafına təsir edən ən güclü vasitədir.

Muğam Şərq musiqisinin elmi özülüdür. Şərq ölkələrinin bir-birinə mənəvi inteqrasiyası isə muğamların məzmun, forma və strukturunda da öz əksini tapmış, hər bir tarixi dövr muğama yeni çalar, ifa rəngarəngliyi bəxş etmişdir. Muğamların məzmunu fəlsəfi məna daşıyır. İnsanın Tanrıya, onun yaratdıqlarına məhəbbəti, sevgisi, eşqi üzərində qurulur muğam.

Muğam sənəti Şərqdə, Asiya və Avropanın bir sıra ərazilərində yaşayan xalqların məişətində geniş yayılaraq onların musiqi yaradıcılığında son dərəcə güclü psixoloji-emosional təsir gücünə malik olan musiqi janrıdır. O, eyni zamanda, ifaçının ustalığından və məharətindən asılı olaraq həcm və formaca asanlıqla dəyişilə bilən, dialektə, qəzəlin metroritmik quruluşuna, məzmununa görə bu və ya digər müxtəlif milli çalarları özündə əks etdirən orijinal bir sənət nümunəsidir ki, bir sıra xalqların mədəni inkişafında çox böyük, əvəzolunmaz yer tutmuşdur. Muğam sənətinin məhz bu spesifik cəhətləri onu Şərq xalqlarına sevdirmiş və doğmalaşdırmışdır. Ona görə də, bu musiqi janrından söhbət düşəndə haqlı olaraq Azərbaycan, türk, fars, ərəb, uyğur, özbək və s. xalqlar muğamın onların doğma musiqi sənət nümunəsi olduğunu bildirirlər. Bu baxımdan, sənət növünün genezisinin, modelinin öyrənilməsinə dünya mütəxəssisləri tərəfindən çox böyük diqqət yetirilir. Artıq bir çox ölkələrdə, xüsusilə İran, Azərbaycan, Türkiyə, Avropa və ərəb ölkələrində, Amerikada bu sahənin tanınmış tədqiqatçıları yetişmişdir.

Azərbaycanda 7 əsas, 3 köməkçi muğam vardır. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "II növ Çahargah"dır.

Klassik şərq muğamının yaradıcıları Əbu Nəsr Fərabi, Əbu İbn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiəddin Urməvi və başqaları muğam barədə həm də əsas nəzəri fikirlər söyləmişlər. Azərbaycan bəstəkarı, professional musiqinin görkəmli nümayəndəsi dahi Üzeyir Hacıbəyli də XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair fikir sahiblərindən biri kimi tanınır.

Təəssüf ki, son illərə qədər muğam musiqisinə münasibət heç də qənaətbəxş olmamış, sovet rejiminin ilk illərində "Oxuma tar! Səni sevmir proletar!" və "Oxu tar! Səni kim unudar!" məfkurələri arasında savaş muğam uğrunda gedən bir mübarizə kimi yadda qalmış, sovet dövrünün sonrakı illərində isə muğama münasibət dəyişmişdir. Bu milli sərvətə müsbət mənada yeni münasibətin formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrünə təsadüf edir. Keçən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi beynəlxalq musiqi festivallarında Qərb Azərbaycan muğam sənətini "kəşf etdi". O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başladı. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastik diskini daxil etdi. 1975-ci ildə isə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxıldı.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğamla əlaqədar bir sıra uğurlu layihələr həyata keçirir. Mehriban xanım deyir: "Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır". Mehriban xanım UNESCO-nun xoşməramlı səfiri seçildikdən sonra muğamlarımızın öyrənilməsi və təbliği istiqamətindəki fəaliyyəti daha ardıcıl və effektli xarakter aldı. Bu istiqamətdə ilk nailiyyətlərdən biri "Qarabağ xanəndələri" adlı albomun hazırlanması oldu. Albomda 24 sənətçinin muğam ifaları toplanmışdır. Buraya Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlu, Keçəci oğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, İslam Abdullayev, Bülbül, Zülfü Adıgözəlov, Əbülfət Əliyev və başqalarının ifasında bənzərsiz muğam sənəti nümunələri daxil edilmişdir.

2009-cu ildə Bakıda Beynəlxalq Muğam Festivalı da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmişdir. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakıda, həmçinin Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilib. Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, birinci beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir... Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək. Sözün əsl mənasında, muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə imza atacaqdır. Muğam insanları, xalqları birləşdirir".

Beynəlxalq Muğam müsabiqəsinə Azərbaycan, İran, Misir, Tacikistan, Özbəkistan, Qazaxıstan, Mərakeş, İraq, Türkiyə, Almaniya, ABŞ kimi ölkələrdən 20 gənc xanəndə qatılmışdı. Muğam müsabiqəsi təkcə sənət yarışması deyil, həm də dünya muğamının təntənəsi idi. Azərbaycanlı gənc ifaçılar bir daha təsdiqlədilər ki, Azərbaycan muğamları bütün muğamların şahıdır. 11 ölkədən gəlmiş 20 istedadlı ifaçının çıxışı alqışlarla qarşılandı. Ən çox da diqqəti çəkən müxtəlif dilli ifaçıların öz repertuarında "Qarabağ şikəstəsi"ni səsləndirməsi oldu.

Muğam ta qədimlərdən iki əsas növə ayrılır: instrumental və vokal növ. Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı (bu çərçivədə muğam müsabiqəsi və elmi simpozium keçirildi) bu iki növün həm bədii-estetik, həm də elmi-nəzəri əsaslarının zənginliyini təsdiqlədi.

Artıq neçə illərdir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. 2008-ci ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan muğamı həm də kosmosa göndərilən dünya xalqlarının dahiyanə sənət əsərləri sırasında da öz yerini tutub. Amerikalılar XX əsrin ikinci yarısında uzaq kainata göndərdikləri "Voyacer" səyyah kosmik gəmisində yerləşdirilmiş məlumatlar sırasına mədəniyyət nümunəsi kimi Azərbaycan muğamı "Bayatı-Şiraz"ı da daxil ediblər.

Onu da qeyd edək ki, bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə VIII "Muğam" Televiziya Müsabiqəsi keçirildi. Müsabiqənin seçim turları aprelin 9-da başlayıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən "Muğam" müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparması olub.

Cıdır düzündə təşkil olunan qala-konsertdə bu günədək keçirilən səkkiz "Muğam" müsabiqəsinin qalib və mükafatçıları çıxış ediblər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunub. Bir daha Azərbaycan muğamı Şuşadan bütün dünyaya yayılıb.

Dünya mədəniyyətinin bu şah əsərini qorumalı, yaşatmalı, təbliğ etməli və ona sahib çıxmalıyıq. Onu dünəndən bu günə gətirdiyimiz kimi, bu gündən sabaha, sabahdan əbədi gələcəyə aparmağa da borcluyuq.

Zümrüd QURBANQIZI,

 "Respublika".