Elm və təhsil

"Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" jurnalının növbəti nömrəsi çapdan çıxıb

"Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi (Cild 14. № 1) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal dünya alimlərinin üzləşdiyi problemlərin həlli istiqamətlərinə üstünlük verir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsi Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü akademik Əhəd Canəhmədov, V.S.Skripnik, N.A.Volçenko, A.S.Yevçenko, A.N.Yəhyayeva və V.N.Volçenkodan ibarət müəlliflər kollektivinin "Hidrogen yeyilməsi nəzərə alınmaqla, əyləc qurğularının sürtünmə cütündə materialların yeyilməyə davamlılığının artırılması" sərlövhəli (Increasing the Wear Resistance of Material in Friction Vapors of Top-Mose Devices Taking into Account Hydrogen Wear) ingilis dilində məqalə ilə başlanır. Məqalədə əyləclərin sürtünmə cütlərinin mikroçıxıntılarının kontakt zonalarında xarici və daxili hidrogenin əhəmiyyəti qeyd olunub. Metal sürtünmə elementinin səthaltı təbəqəsində olan xarici hidrogenlə daxili hidrogenin qarşılıqlı əlaqəsi diqqətə çatdırılır. Elektrotermomexaniki friksion qarşılıqlı təsir zamanı sürtünmə cütlərində hidrogen mənbəyi krekinq prosesi zamanı polimer kündənin səth təbəqəsidir. Hidrogen yeyilməsinin tədqiqi zamanı elektrik və istilik sahələrində diffuziya, adgeziya, absorbsiya nəzərə alınmaqla, həmçinin əyləcin sürtünmə cütlərinin gərginlik-deformasiya vəziyyətinin qiymətləndirilməsi aparılıb.

Jurnalın "Mexanika və maşınqayırma" rubrikasına bu məqalə ilə yanaşı, digər alimlərin "Qazıma bucurqadının lentli-kündəli əyləcinin sürtünmə cütünün enerji yüklənməsinin və hidrogen yeyilməsinin azaldılmasının metod və vasitələri", "Yüksək sürətli mexaniki emalın səmərəliliyinin istehsal prosesinə təsiri" məqalələri də daxil edilib.

Oxucular nəşrin "Neft və qaz", "Kimya və neft-kimya texnologiyası", "Energetika", "İnformasiya texnologiyaları", "Ekologiya" rubrikalarında müvafiq sahələr üzrə aparılmış tədqiqatların nəticələrinə dair məqalələrlə tanış ola bilərlər.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.

2021-ci ildə jurnal "International Scientific Indexing" (ISI) və "Scientific Journal Impact Factor" (SJIF) beynəlxalq elmi sitatlaşma məlumat bazalarına daxil edilib, sertifikatlar alınıb. Ötən il jurnala verilən impakt faktor ISI - 1,327, impakt faktor SJIF - 8,38-dir. Bundan əlavə, jurnal "Creative Commons Attribution - NonCommercial 4.0" beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb.

Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs - Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası "Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası"na (e-library) yerləşdirilib. Nəşr olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier - Obyektin Rəqəmsal İdentifiatoru) verilir.

Müxtəlif aktual problemləri qabartmaqla fərqlənən jurnal elmi mühəndis düşüncəsinin mənbəyini göstərir. Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.

AZƏRTAC