Azərbaycan Nəqliyyat və Beynəlxalq Xəzər Neft və Qaz sərgilərinə ev sahibliyi edir
Siyasət

Azərbaycan Nəqliyyat və Beynəlxalq Xəzər Neft və Qaz sərgilərinə ev sahibliyi edir

Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə və Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 31 ölkədən 250 şirkət qatılır.

Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: "ACWA Power", BP, "Equinor", "Masdar", INPEX, "Türkiye Petrolleri", "Baker Hughes", "Microsoft", "PASHA Bank", "TechnipFMC", "Tenaris", "TotalEnergies", "Uniper", "Azeri MI Drilling", AZFEN, "Baku Steel Company", "Caspian Drilling", "Caspian Marine Services Limited", "Ernst & Young", "Global Energy Azerbaijan Management", "Tekfen".

İştirakçılar arasında "Bos Shelf", "Gazprombank", "Equinor", "Schlumberger" və digər şirkətlər çıxış edir.

Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçirilir. Keçirilən sessiyalar aktual mövzuları əhatə edir: "Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər", "Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti", "Energy Talks" sessiyaları: "Women in power", "Bizimkilər", "Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar", "Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi", "Neft sənayesində SƏTƏM idarəetməsi", həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçirilir.

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" 2022 sərgisi keçirilir. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

"Xəzər Neft və Qaz" sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər.

Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak edir. Bu ilin yenilikləri arasında: bərpaolunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.

Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirilər.

Ənənəvi "Xəzər Neft və Qaz" sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirir.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi "Caspian Power" 10 illik yubileyini qeyd edir. Ənənəvi olaraq, Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpaolunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji "Caspian Power" 2022 sərgisi keçirilir. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Qarabağda işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" ilə təmini üçün bərpaolunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək.

İyunun 1-də Bakı Ekspo Mərkəzində, həmçinin Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri öz işinə başlayıb: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "Translogistica Caspian" və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi.

Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.

"TransLogistica" sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.

Həmçinin "TransLogistica" sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinin təşviqi baxımından da səmərəli vasitədir.

"TransLogistica" sərgisi ilə eyni anda 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi keçirilir. "Road&Traffic" sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. "Road&Traffic" sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.

Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərir.

Əlavə tədbirlər proqramı çərçivəsində təşkil olunan sessiyalardan biri də "Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar"dır. Layihə rəhbəri Fərrux Əhmədovun moderatorluğu ilə keçən sessiyada beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafının iqtisadiyyatların səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyi qeyd edilib.

TRACECA Hökumətlərarası Komissiyanın Azərbaycandakı milli katibi Rüfət Bayramov bildirib ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli-coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. O, TRACECA coğrafiyasının genişləndirilməsinin dəhlizə əlavə yük axınlarının cəlb edilməsinə töhfə verə biləcəyini söyləyib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) baş katibi Qaydar Abdikerimov mövcud ticarət yollarının şaxələndirilməsinin bütün tərəflərin maraqlarına xidmət etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, qlobal iqtisadiyyatın aktivliyinin qorunub saxlanması maraqlı tərəflərin yeni nəqliyyat və logistika marşrutları tapmasından asılı olacaq.

Bakı Enerji Həftəsi çərçivəsində ikitərəfli işgüzar görüşlər keçirilir ki, bu da mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün əla imkan yaradır.

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə reallaşan görüşdə Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparılıb. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına Avropaya "yaşıl enerji"nin ixracının mümkünlüyündən bəhs edilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə "yaşıl" elektrik enerjisinin ixrac imkanlarını artıracaq.

Tədbir çərçivəsində Serbiyanın baş nazirinin müavini - energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə də görüş olub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin Serbiya və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də Serbiya-Rumıniya və digər interkonnektorlardan bəhs edilib. Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini - energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb.

Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi öz əksini tapır.

Energetika naziri Pərviz Şahbazovun İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə də görüşləri olub.

Nazir müavini Vannia Qava ilə görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib. İtaliyanın enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyətindən bəhs olunub.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında TAP vasitəsilə təbii qaz tədarükünün mühüm rol oynadığını bildirib. Nazir ilin sonuna İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliya deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini qeyd edib.

Görüş zamanı bərpa olunan enerji sahəsində İtaliya şirkətləri ilə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstəklə bağlı da fikir mübadiləsi aparılıb.

Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə görüşdə isə ölkələrimiz arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri və enerji bazarlarında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qazaxıstan enerji resurslarının dünya bazarına nəqli ilə bağlı imkanlar dəyərləndirilib. Söhbət zamanı Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti ilə yanaşı mayeləşdirilmiş təbii qazının Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması üzrə İşçi qrupları səviyyəsində görülən tədbirlər də müzakirə edilib.

Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması, Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması, cari layihələrin genişləndirilməsi və yeni tərəfdaşlar tapması üçün gözəl imkan yaradır.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin media tərəfdaşıdır.

AZƏRTAC