Azərbaycan   nümayəndə heyəti  Misirdə   keçirilən   konfransda
İQTİSADİYYAT

Azərbaycan   nümayəndə heyəti  Misirdə   keçirilən   konfransda

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Misirin Şarm əl-Şeyx şəhərində 27-ci Tərəflər Konfransı (“COP27” – “27th Conference of Parties”) çərçivəsində üzv ölkələrin şəhərsalma və məskunlaşma nazirlərinin “Şəhərlər və İqlim Dəyişikliyi” mövzusunda iclası 17 noyabr tarixində keçirilib. Nazirlər iclasında ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.  Komitədən bildirilir ki, konfransa evsahibliyi edən Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) birgə təşkil etdiyi bu iclasın məqsədi iqlim və şəhər icmaları arasında sinerjinin artırılması, iqlim dəyişikliyi və şəhərsalma məsələlərinin kompleks həlli üçün ölkələrdə milli və yerli səviyyələrdə müvafiq tədbirlərin həyata keçirilməsini təşviq etməkdir.

İclas gündəliyinin əsas məsələsi kimi “UN-Habitat” və “COP27” tərəfindən Dayanıqlılıq üçün Yerli Hökumətlər Şəbəkəsinin (“ICLI” – “Local Governments for Sustainability”) dəstəyi ilə irəli sürülən “Gələcək Nəsillər üçün Dayanıqlı və Davamlı Şəhərsalma” (“SURGe” – “Sustainable Urban Resilience for the Next Generation”) təşəbbüsü təqdim olunub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin “UN-Habitat”ın icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşü keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü baş tutub.

Azərbaycan nümayəndə heyəti üzvlərinin Misir Ərəb Respublikasının Mənzil, Kommunal Xidmətlər və Şəhər İcmaları Nazirliyinin rəsmiləri ilə də keçirilmiş görüşündə ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi müzakirə edilib.

Nəriman  CAVADOV,

“Respublika”.