Azərbaycan Olimpiya komandasının uğurları
İdman

Azərbaycan Olimpiya komandasının uğurları

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medal qazanan Azərbaycan idmançıları yarışı 67-ci,  medalların sayına görə 31-ci sırada tamamlayıb.

Olimpiya oyunları zəmanəmizin və beynəlxalq idman aləminin ən yüksək zirvəsində durmuş bir ictimai təşkilatdır.

Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer de Kubertenə Olimpiya oyunlarını canlandırmaq ideyasını həyata keçirməyə imkan verdi.
1894-cü ilin iyun ayında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması layihəsi ilə çıxış etdi. Təsis konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi (BOK)  yaradıldı. BOK-un ilk prezidenti D.Vikelas,  baş katib isə Pyer de Kuberten seçildi. O,  həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur. Beləliklə,  I Olimpiya Xartiyası təsdiq olundu və I Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi: 1896-cı il,  Yunanıstanın paytaxtı Afina şəhəri.

Ayrı-ayrı ölkələrdə   müxtəlif vaxtlarda keçirilən Olimpiya oyunları yeni proqram və təkmilləşmə aparılaraq  daha da genişləndirildi. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla,  dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.

Ölkəmiz müstəqillik illərində beynəlxalq yarışlarda müstəqil dövlətin idmançıları kimi  öz bayrağımız altında iştirak  edirdi. İndi də son illərdə keçirilən olimpiya oyunlarına nəzər yetirək.

Atlanta – 1996 XXVI Yay Olimpiya Oyunlarında 197 ölkədən 10788 idmançı  idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycanı yarışlarda 4   nəfər yüngül atlet,  2 nəfər yunan-Roma güləşçisi,  6 nəfər sərbəst güləşçi,  2 cüdoçu,  2 ağır atlet təmsil edirdi.  Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.

Sidney – 2000 XXVII Yay Olimpiya Oyunları. 199 ölkənin qatıldığı növbəti XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. Azərbaycan idmançıları cüdo,  üzgüçülük,  atıcılıq,  boks,  yüngül atletika,  ağırlıqqaldırma,  suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo,  boks,  güləş,  atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri,  Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmançıları Sidney sınağından zəfərlə çıxdı.

Afina – 2004 XXVIII Yay Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənimizə 1 qızıl,  4 bürünc medalla döndü. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi. Yarışlarda 11039 idmançı 2021 medal,  o cümlədən 669 qızıl,  666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu. Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl,  4 bürünc) qazandılar.

Pekin- 2008 XXIX Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş 44 idmançı ilə təmsil olunurdu. Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl,  2 gümüş,  4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci,  medalların növünə görə isə 39-cu yeri tutdu.

London-2012 XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tədbirində 26 idman növündə 302 dəst medal oynanılıb. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ,  2-ci yeri Çin,  3-cü yeri isə Böyük Britaniya tutub. Azərbaycan Olimpiya yığması 2 qızıl,  2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağır atletika üzrə idmançımız bürünc medala sahib çıxıb.

Rio-2016  XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və yaddaqalan olub. Avqustun 5-dən 21-dək Rio-de-Janeyronun dörd rayonunda - Deodoro,  Barra,  Kopakabana və Marakanada keçirilən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb.

Tokio-2020 XXXII Yay Olimpiya Oyunları.  Ötən il keçirilməli olan Tokio 2020 Yay Olimpiya Oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən  2020-ci ilin yayında təxirə salınmışdı.

Nəhayət, bu il baş tutan yarışında 206  ölkədən 11 mindən artıq atlet 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə  aparıblar.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate,  1-i güləş,  bürünc mükafatlardan isə 2-si güləş,  1-i cüdo,  1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite,  75 kq) və İrina Zaretska (kumite,  61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.

XXXII Yay Olimpiya Oyunları idman növlərinin (33 idman növü) və oynanılan medalların sayına (339 medal) görə ən böyük idman yarışı olub. Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl,  41 gümüş,  33 bürünc) birinci olub. 38 qızıl,  32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. Medal əyarında 3-cü yeri 27 qızıl,  14 gümüş və 17 bürünclə Yaponiya,  2 qızıl,  2 gümüş və 9 bürünc medalı olan Türkiyə isə 35-ci sırada yer alıb. Olimpiadada 3 gümüş və 4 bürünc medal qazanan Azərbaycan idmançıları yarışı 67-ci,  medalların sayına görə 31-ci sırada tamamlayıb.

Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları  2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə baş tutacaq.

İdmana yüksək səviyyədə diqqət yetirən Azərbaycan idmançıları Tokio Olimpiadasından qızıl medalsız qayıtmasının səbəbi  kimi pandemiyaya qarşı mübarizədə karantin strategiyasını tətbiq edən ölkəmizdə digər ölkələrdə olduğu kimi, idman zalları və digər idman profilli obyektlərin qapalı olması ilə əlaqələndirmək olar. Bunun da idmançıların hazırlığına mühüm təsiri oldu, o cümlədən, sərhədlərin bağlı olması ilə əlaqədar beynəlxalq yarışlara qatılmamaq da  nəticəyə təsir edən amillərdəndir.

İkincisi 2020-ci ildə apardığımız Vətən müharibəsidir. Dövlətimiz və xalqımız bütün qüvvəsini torpaqlarımızın işğaldan azad edilməsinə yönəltdi və 30 il sonra 44 günlük müharibə ilə şanlı  Zəfərə nail olduq. Təbii ki,  2020-ci ildə hər kəs kimi idmançılarımız üçün də əsas prioritet torpaqlarımızın azad edilməsi idi. İdmançılarımızın olimpiadada qızıl medal ala bilməməsi isə böyük zəfərimizin fonunda o qədər də çatışmazlıq kimi görünmür.

Vətən müharibəsində qazanılmış böyük zəfərdən sonra Azərbaycan idmançıları növbəti yarışlarda bizlərə yenidən o coşqunu yaşadacaq,  idman tariximizə yeni qələbələr bəxş edəcək, idman zəfərlərimiz də davamlı olacaq.

Bəybala BƏYBALAYEV,

“Respublika”.