Azərbaycan pandemiyaya qarşı mübarizəyə beynəlxalq səviyyədə öz töhfələrini verir
Səhiyyə

Azərbaycan pandemiyaya qarşı mübarizəyə beynəlxalq səviyyədə öz töhfələrini verir

Yarandığı gündən fərqli bəlalarla üzləşib, az qala məhv olmaq təhlükəsində olan bəşər övladı zaman-zaman inkişaf etdikcə insanlara meydan oxuyan, ölüm saçan xəstəliklərlə mücadilə aparmış, ölüm-qalım mübarizəsındən öz ağlı, biliyi, savadı sayəsində qalib çıxmışdır. Hələ VI əsrdə 100 milyon, XIV əsrdə ikinci yayılma zamanı isə dünya əhalisinin üçdə birinin - təqribən 25 milyon insanın ölümünə səbəb olan taun, ötən 200 il ərzində 7 dəfə baş vermiş, dünyanın bir çox yerində geniş yayılmış, təkcə Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insanın ölümünə səbəb olan vəba pandemiyası kimi bir çox yoluxucu xəstəliklər hər gəlişində dünyaya böyük insan itkisi, vahimə gətirsə də, bu gün yer üzünün əşrəfi sayılan insan bu xəstəliklərin qarşısında nəinki aciz qalmır, bu bəlalardan yaxa qurtara, onun bir daha baş verməməsi, yaxud daha az zərərlə ötüşməsi üçün bütün bilik və bacarığından istifadə edir.

Bu gün dünya əhalisi XXI əsrin bəlası - COVİD-19 infeksiyası ilə üzbəüz dayanıb. Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və insan tələfatı ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq etmişdir. Dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan, səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, BMT-nin ixtisaslaşmış qurumlarından olan Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasını (COVİD-19) hələ pandemiya elan etməzdən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görmüşdür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu vaxtdan etibarən isə virusun qarşısının alınması istiqamətində ÜST-nin tövsiyə və tələblərindən irəli gələrək ölkəmizdə dərhal ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılmışdı.

Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsi beynəlxalq aləmdə müsbət təcrübə kim dəyərləndirilir. Belə ki, bu gün pandemiyaya qarşı effektiv mübarizə nümunəsi ortaya qoyan Azərbaycan yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl, məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirmiş, ölkə ərazisində epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılmışdır.

Ölkəmizdə koronavirusdan qorunma ÜST-nin tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks-epidemik tədbirlər kompleksi çərçivəsində aparılır, xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir, əhalinin maarifləndirilməsinə, həm də sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Səhiyyə sistemində həyata keçirilən yeniliklər, ölkə başçısı cənab İlham Əliyevin “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli Sərəncamı ilə modul tipli xəstəxanaların açılması insanların həyatı üçün son dərəcə təhlükəli virusun təsirlərindən minumum itkilərlə çıxmağı təmin edir. Belə ki, pandemiyanın ilk günlərindən Azərbaycanda COVİD-19-un əhaliyə mənfi təsirinin minumuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanması üçün praktik tədbirlər həyata keçirilmiş, qısa zaman ərzində 13 modul tipli xəstəxana və 1 daimi xəstəxana inşa edilmişdir. Vətəndaşların sağlamlığını hər zaman hər şeydən üstün tutan ölkə başçısı İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq respublikada ən zəruri avadanlıqlarla təchiz olunmuş modul tipli xəstəxanalarla yanaşı, gün ərzində 20 minə yaxın test müayinə edə biləcək gücü olan laboratoriyaların quraşdırılması ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsində müstəsna rol oynamışdır.

Məqsəd və məramı bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaq olan Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Azərbaycan dünyanı cənginə almış, bəşəri təhlükə ilə mübarizəyə daha tez və daha ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Belə tədbirlərdən ən vacibi isə ölkə əhalisinin vaksinasiyası olmuşdur. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Vaksinasiyanın dövlət tərəfindən aparılması da vətəndaşlarının sağlamlığının dövlət üçün nə qədər vacib olduğunu bir daha sübut edir.

Bu ilin iyun ayında Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 322 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 247, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 75 nəfər olub. Bu günədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı isə 2 milyon 775 min 641-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 811 min 104, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 537 nəfərdir.

Azərbaycan hökuməti COVİD-19 pandemiyasının yayıldığı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yaradaraq maksimum dərəcədə səmərəli iş aparmaq, ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edən tədbirlər görmək üçün ölkə səhiyyəsinin bütün qüvvələrini səfərbər etmiş və bu baxımdan pandemiyadan qorunmağın ən optimal variantlarından birinin vaksinasiya olduğu nəzərə alınaraq ölkə ərazisində kütləvi surətdə vaksinasiya tədbirlərinə başlanmışdır. Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkə kimi Azərbaycan dünya miqyasında da bu təşəbbüsə qoşulan ilk ölkələrdən olmuşdur. Belə ki, pandemiyanın ilk günlərindən vaksinasiyanın düzgün, yerində aparılmasında, ədalətlilik prinsipinin qorunmasında lazımi addımlar atılmış, beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaradılmışdır.

Bu il iyun ayının 16-da onlayn foratda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiyalar üzrə Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın hər zaman İslam ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə səy göstərdiyini, təşkilata üzv ölkələri dəstəklədiyini bildirib. Çıxışı zamanı bir çox məsələlərə toxunan ölkə başçımız bu gün bütün dünyanı narahat edən COVİD-19 pandemiyasından bəhs edərək deyib: “COVİD-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib.

“Peyvənd millətçiliyi” inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”.

Bu gün ölkədə müsbət dinamikanın müşahidə olunması yeni növ koronavirus infeksiyası ilə mübarizədə görülmüş ciddi tədbirlərin nəticəsidir. Bu mübarizə tədbirlərində yaxından iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında ölkə başçısının sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr edilməsi, eyni zamanda ölkədə koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılması da bu gün ölkəmizdə dünyanı sarsıdan COVİD-19 infeksiyası ilə mübarizədə daha effektiv nəticələrin əldə olunmasına stimul vermişdir.

Bəşəriyyətin qarşısında duran koronavirus pandemiyasının həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və inkişaf etmiş ölkələrdən fərqli olaraq pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirir.

Bu mübarizə bütün dünyanı lərzəyə gətirən COVİD-19 pandemiyasına son qoymaq uğrunda atılan zəruri addım olmaqla yanaşı, həm də gələcəkdə baş verə biləcək hər hansı pandemiya təhlükəsinin qarşısının alınması, birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması zəminində düşünülmüş məqsədyönlü siyasətin təzahürüdür.

Mehparə ƏLİYEVA,

“Respublika”.