“Azərbaycan” pavilyonunda “Başlanğıcdan müasirliyə doğru: XTNS-də “Azərbaycan” pavilyonu” adlı sərgi açılıb
Mədəniyyət

“Azərbaycan” pavilyonunda “Başlanğıcdan müasirliyə doğru: XTNS-də “Azərbaycan” pavilyonu” adlı sərgi açılıb

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) yaradılması gününün təntənəli qeyd edilməsi çərçivəsində “Azərbaycan” pavilyonunda “Başlanğıcdan müasirliyə doğru: XTNS-də “Azərbaycan” pavilyonu” adlı arxiv şəkillərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, XTNS-in Fotofondu ilə birgə hazırlanan sərgidə pavilyonun müxtəlif illərdə parlaq, bəzi yerlərdə faciəli tarixi nümayiş etdirilir.

“Azərbaycan” pavilyonunun direktoru, jurnalist Səadət Qədirova deyib: “Azərbaycan” pavilyonunun tarixi öz başlanğıcını 1939-cu ildən götürür. Pavilyon fəaliyyəti dövründə yüksəliş və durğunluq anlarını yaşayıb. İkinci Dünya müharibəsi zamanı o, sərginin digər pavilyonları kimi fəaliyyətini dayandırıb. Salonlar və dekor dağıdılıb. XTNS fəaliyyətini bərpa etdikdən sonra müharibədən sonrakı illərdə pavilyon yenidən qurulub, lakin 1960-cı illərdə “ifratçılıq”la ümumi mübarizə başlananda pavilyon modernləşdirilib, onun gözəl fasadı isə sökülmə təhlükəsi ilə üzləşib. S.Qədirova vurğulayıb ki, 1990-cı ildə pavilyonu növbəti durğunluq mərhələsi gözləyirdi. O vaxt onun ərazisində Azərbaycana aidiyyəti olmayan ticarət yarmarkaları yerləşdirilirdi. Hər şey sərgidə nümayiş etdirilən şəkillərdə öz əksini tapıb.

S.Qədirova xatırladıb ki, 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə pavilyonun əsaslı yenidənqurmadan sonra təntənəli açılışı olub. “Azərbaycan” pavilyonu əvvəlki şöhrətini özünə qaytararaq yenidən ictimai və mədəni diplomatiyanın mərkəzinə çevrilib.

Bu gün “Azərbaycan” pavilyonu haqlı olaraq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incisi hesab edilir. Burada sərgilər, konsertlər keçirilir, ticarət və turizm zonaları mövcuddur. Qonaqlar və paytaxt sakinləri burada asudə vaxtlarını məmnuniyyətlə keçirirlər.

AZƏRTAC