Azərbaycan polisi peşə andına sadiqdir
Digər xəbərlər

Azərbaycan polisi peşə andına sadiqdir

Vətənə, xalqa, dövlətə fədakarlıqla xidmət etmək missiyası şərəflə yerinə yetirilir

“Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm”. Hər bir polis əməkdaşı xidməti vəzifəsinin icrasına məhz bu andla başlayır. Bu andda müstəqil  dövlətçiliyin dayaqlarından olan polis orqanlarının fəaliyyətinin əsas istiqamətləri, məram və məqsədləri yığcam ifadə edilib. Onun sıralarına qoşulan insanlar öz çətin, şərəfli vəzifələrini, lazım gələrsə, canları, qanları bahasına icra etməyə daim hazırdırlar.

Ulu öndər Heydər Əliyev polis orqanlarını mühüm dövlət atributlarından biri kimi səciyyələndirərək deyirdi: “Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Təsadüfi deyildir ki, müdrik rəhbərimizin 1998-ci ildə imzaladığı Fərmanla müstəqil dövlətçilik tariximizdə müstəsna yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk polis orqanlarının yaradıldığı 2 iyul  günü Azərbaycan Polisi Günü elan edilib. Əslində, bu, milli dövlətçilik ənənələrinə ehtiramın və tarixi irsə varisliyin bariz nümunəsi olmaqla, Azərbaycan polisinin indiki və gələcək mənsublarının çiyninə böyük mənəvi məsuliyyət qoyur, onlarda öz peşələri ilə bağlı qürur və fəxarət hissi doğurur.

Xalq Cümhuriyyətinin ən mühüm vəzifələrindən biri ölkədə hüquq-mühafizə sisteminin yaradılması, asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi idi. Elə buna görə də birinci Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyski həm də daxili işlər naziri vəzifəsini öz üzərinə götürmüşdü. Bu nazirlik daxili sabitliyə nail olmaq və hüquq normalarını bərqərar etmək, cinayətkarlıqla mübarizə aparmaq, bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaqla yanaşı, milli ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd etməyə çalışan təcavüzkar qüvvələrə qarşı mübarizənin də fəal iştirakçısı idi. Daxili İşlər Nazirliyinin ilk nizami polis dəstəsi 1918-ci ilin 2 iyulunda Gəncədə yaradıldı və həmin dövrdə də mürəkkəb tarixi şəraitdən istifadə edərək, separatçılığa cəhd göstərən erməni millətçilərinə qarşı kəskin mübarizəyə başladı. Cümhuriyyət polisinin qısa, amma şərəfli tarixində onun 1920-ci ilin aprelində Azərbaycana hərbi müdaxilə edən bolşevik qəsbkarlara qarşı əzmkar müqaviməti xüsusi yer tutur.

Xalq Cümhuriyyəti milli dövlət quruculuğunu başa çatdıra bilməsə də, yaratdığı dövlətçilik irsi və atributları onun süqutundan sonra da Azərbaycanın taleyində təsirli rol oynadı. Sovet hakimiyyəti dövründə məhdud çərçivədə olsa da, xalqımız öz dövlətçiliyini yaşatmaqla, bir sıra mühüm dövlət atributlarını əldə etdi ki, bunlardan biri sonralar müxtəlif adlar altında fəaliyyət göstərən daxili işlər orqanları idi. Xüsusən, daxili işlərdə öz vacib missiyasını yerinə yetirən Azərbaycan milisinin ictimai asayişin və qanunçuluğun qorunmasında qazandığı yüksək nəticələrin və zəngin təcrübənin tarixi baxımdan əhəmiyyəti çox böyükdür. Bolşevik ideologiyasının təsiri altında olan bu orqanların sovet repressiyalarında iştirakını, milli məfkurə daşıyıcılarına qarşı amansız münasibətilə bağlı faktları unutmadan deyə bilərik ki, İkinci Dünya müharibəsində azərbaycanlı milis əməkdaşlarından bir çoxu qəhrəmanlıqlar göstəriblər. Respublika daxili işlər - milis orqanlarının fəaliyyətində, xüsusən, 1970-1980-ci illər yeni bir mərhələ olub. Azərbaycana həmin dövrdə rəhbərlik edən ulu öndər Heydər Əliyev özünəməxsus müdriklik və uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati-ideoloji cəhətdən möhkəmlənməsinə, şəxsi heyətin mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinə, peşəkar kadrların irəli çəkilməsinə böyük diqqət və qayğı göstərirdi. 2002-ci ildə Azərbaycan polisinin, Daxili İşlər Nazirliyi işçilərinin peşə bayramı, Azərbaycan polisinin yaranmasının 84-cü ildönümü münasibətilə keçirilən mərasimdə ulu öndər Heydər Əliyevin bu orqanların sovet dövründəki fəaliyyəti ilə bağlı söylədiyi fikirlər öz aktuallığını daim saxlayacaqdır: “Sizin bir çoxunuz ölkəmiz dövlət müstəqilliyini əldə edənə qədər Azərbaycanda, Sovetlər İttifaqının daxili işlər orqanlarında işləyibsiniz, faydalı işlər görübsünüz, xalqımıza xidmət etmisiniz, böyük peşəyə sahib olubsunuz. Ancaq bugünkü günümüzün o dövrdən fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik, biz bu gün azadıq. Biz heç bir mərkəzdən asılı deyilik. Heç bir dövlətdən asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər polisin 84 illik yubileyini bir balaca dərindən təhlil etsəniz, görərsiniz ki, polis olub, xalqına xidmət edibdir. Amma polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır”.

Ölkəmizdə dövlət müstəqilliyinin bərpası ərəfəsində daxili işlər orqanlarının şəxsi heyəti milli ideyalara sadiqlik, xalqımızın başı üzərini alan təhlükələrə, xüsusən, erməni separatizminə qarşı mübarizədə sayıqlıq və fədakarlıq göstərirdilər. 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun Hissələri olub. Həmin döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub. Xalqımızın öz övladı olan milli polisimizi şərəfləndirən bu faktları qürur hissi ilə qeyd edirik.

Bununla belə, müstəqilliyin bərpasından sonrakı ilk illərdə respublikanın rəhbərliyindəki milli mənafeləri qoruya bilməyən, dövlət idarəçiliyindən xəbərsiz, naşı və səriştəsiz şəxslərin yarıtmaz fəaliyyətinin daxili işlər orqanlarının işində neqativ hallara, cəmiyyətdə cinayətkarlığın artmasına, hüquq qaydalarına hörmətsizliyin geniş yayılmasına şərait yaratması da tarixi gerçəklikdir. Yalnız ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə gəlişindən və qətiyyətli dövlət idarəçiliyi mexanizmlərinin tətbiqindən sonra daxili işlər, polis orqanlarının öz həqiqi missiyalarını yerinə yetirməsi, peşə fəaliyyətini layiqincə həyata keçirməsi üçün möhkəm zəmin yarandı, qısa müddətdə ölkədə ictimai asayiş və qanunçuluğun qorunması təmin edildi.  Bu yazıda o illərdə görülən işlərin geniş təhlilini aparmaq, təbii ki, mümkünsüzdür. Yalnız bir müddəanı qeyd edə bilərik ki, ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi on ildə Azərbaycan polisi yetkin, mübariz hüquq-mühafizə orqanı kimi formalaşdı.

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən on yeddi ildən artıq bir müddətdə polisin fəaliyyətində yeniləşmə, müasirləşmə, mənəvi saflaşma prosesi davamlı xarakter alıb, kadr potensialı və maddi-texniki bazası möhkəmləndirilib, peşəkarlıq səviyyəsi yüksəldilib, şəxsi heyətin sosial müdafiəsi daha da gücləndirilib. Son illərdə isə Daxili İşlər Nazirliyinin rəhbərliyinin cavanlaşdırılması, mövcud səmərəli idarəçilik ənənələrinin daha da təkmilləşdirilməsi və innovativ dəyişikliklərin aparılması yeni uğurlar, nailiyyətlər üçün zəmin yaradıb. Bir faktı mütləq vurğulamaq lazımdır: Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətliliyə dair ötənilki hesabatında göstərilir ki, son üç ildə Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 141 ölkə arasında 30-cu yeri tutub. Bu, ölkəmizdə ictimai asayişin qorunmasında Azərbaycan polisinin öz missiyasını etibarlı şəkildə yerinə yetirdiyini bir daha təsdiqləyir.

Bu gün ölkəmizdə cinayətkarlıqla mübarizə, ictimai asayişin və təhlükəsizliyin təmini üzrə vəzifələr daxili işlər orqanları tərəfindən uğurla icra edilir, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunur, kriminogen vəziyyət nəzarətdə saxlanılır. Əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə (257) hazırda ölkəmiz postsovet və hətta Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26004 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 668 fakt və ya 2,5 faiz azdır. Məlumatda bildirilir ki, ötən il qeydə alınmış cinayətlərin 24566-sı və ya 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu hüquqpozmaların 86,7 faizi (6853 fakt) böyük ictimai təhlükə törətməyən və az ağır (14450 fakt), 13,3 faizi (3263 fakt) ağır və xüsusilə ağır cinayətlərdir. Ötən il şəxsiyyət əleyhinə 5613, iqtisadi sahə üzrə 712, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə 8414, dövlət hakimiyyəti əleyhinə 732 cinayət qeydə alınıb. Əvvəlki illə müqayisədə həmin cinayət növləri üzrə dinamikada azalma müşahidə olunub. Belə dinamika xuliqanlıq, qaçaqmalçılıq, quldurluq, oğurluq, avtonəqliyyatın qaçırılması, soyğunçuluq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, dələduzluq, qəsdən sağlamlığa ağır zərər vurulması cinayətləri üçün də səciyyəvidir. Cinayətlərin açılma faizi də, həmişəki kimi, yüksək olub, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin 84,1 faizinin açılması təmin edilib. Bağlı qalan cinayətlərin yalnız 10 faizi ağır və xüsusilə ağır cinayətlərdir. Məlumatda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2237 şəxsi birləşdirən 882 cinayətkar qrupun zərərsizləşdirildiyi, cinayət təqibi nəticəsində ötən il 12799 şəxsin məsuliyyətə cəlb edildiyi bildirilir. Həmin şəxslərin 7906-sı işləməyən və oxumayanlar, 2668-i əvvəllər məhkum edilənlər, 554-ü qadınlar, 320-si yetkinlik yaşına çatmayanlardır. Kriminal statistikaya dair daha geniş məlumat Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində (https://mia.gov.az) yerləşdirilib.

Bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən hesab edilir. Üç milyona yaxın əhalisi olan paytaxtımızda ictimai asayişə nəzarətin fasiləsizliyi “Təhlükəsiz şəhər” sistemi vasitəsilə təmin olunur. Yol hərəkəti qaydalarına riayət olunmasına texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilib, yeni kameralar quraşdırılıb və müvafiq texniki vasitələrin sayı ötən il 13365 minə çatdırılıb. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilib. Respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən koronavirus (COVİD-19) pandemiyası ilə bağlı ictimai asayişin və ictimai təhlükəsizliyin təmini sahəsində vəzifələr layiqincə yerinə yetirilir.

Azərbaycan polisi özünün 103-cü ildönümünü Qarabağda möhtəşəm qələbəmizin sevinci və qüruru ilə qarşılayır. Daxili İşlər Nazirliyi, onun mühüm strukturlarından olan Daxili Qoşunlar erməni faşizminə qarşı mübarizədə də fəal iştirak edib, düşmənə sarsıdıcı zərbə vurulmasına öz töhfələrini veriblər.  Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və sərkərdəlik məharəti ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatında - 44 günlük Vətən müharibəsində Daxili Qoşun hissələri hünər və qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb. Dövlətimizin başçısı bu strukturun 1377 hərbi qulluqçunu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüb. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən hərbi qulluqçulardan biri kimi igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Zəfər” ordeni ilə təltif edilib.

İstər Vətən müharibəsi dövründə arxa cəbhədə asayişin və təhlükəsizliyin təminində, istərsə də möhtəşəm hərbi-siyasi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərdə mühafizənin təşkili üzrə xidmətlərin aparılmasında daxili işlər orqanlarının, polisin üzərinə mühüm vəzifələr düşüb və bu vəzifələr layiqincə yerinə yetirilir. İşğaldan azad edilmiş rayonlarımızda fəaliyyəti ilk bərpa olunan dövlət orqanları məhz polis şöbələridir. Polis əməkdaşları həm cinayətkarlığa, hüquqazidd əməllərə qarşı mübarizə aparır, həm də komendant funksiyalarını yerinə yetirirlər.

Son ilyarıma yaxın müddətdə isə daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinə qlobal pandemiyaya qarşı mübarizədə də ön mövqelərdə olmaq daxil edilib. Koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət polis orqanları tərəfindən həyata keçirilir. Əminliklə deyə bilərik ki, vətənpərvər polislərimiz əhalinin sağlamlığının qorunması naminə onlara həvalə edilmiş bu vəzifənin də öhdəsindən bacarıqla gəlirlər. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən il polis işçilərini peşə bayramları münasibətilə öz rəsmi “İnstagram” səhifəsində təbrik edərkən yazmışdı: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Azərbaycan polisinin etibarlı və fədakar fəaliyyəti dövlətimizin, cəmiyyətimizin, hər bir vətəndaşımızın təhlükəsizliyi,  əmin-amanlığı üçün mühüm və vacib təminatlardandır. İnamla deyə bilərik ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin bugünü və gələcəyi üçün müəyyənləşdirdiyi davamlı inkişaf və zəfər strategiyasının uğurla həyata keçirilməsində polislərimiz daim yüksək fədakarlıqla, əzmlə, hünərlə iştirak edəcəklər.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.