Azərbaycan Prezidenti: Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, xalqa nə vəd vermişiksə, onu yerinə yetirmişik
Mədəniyyət

Azərbaycan Prezidenti: Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, xalqa nə vəd vermişiksə, onu yerinə yetirmişik

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 121-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin iyul-sentyabr aylarını əhatə edir.

İyul ayı ölkəmizin həyatında, eyni zamanda, ilin birinci yarısında görülmüş işlərə yekun vurulması ilə əlamətdardır. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə daxili və xarici siyasətin uğurlu nəticələrindən bəhs edərək deyib: "Gələn il görüləcək işlər, əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzumuz da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

Yeni kitab Prezident İlham Əliyevin müşavirədəki nitqinin mətni ilə açılır.

Dövlətimizin başçısının Türkiyəyə işgüzar səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla, eləcə də Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşlərinə, İslamiadanın açılışında iştirakına dair materiallar da bu nəşrdə toplanıb.

Prezident İlham Əliyev iyul ayında Sumqayıtda Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma, 2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzinin istifadəyə verilməsi mərasimlərində iştirak edib. Avqust ayında isə Qobustan, İsmayıllı və Ağsu rayonlarında olub. İsmayıllıda "Basqal Resort & SPA" hotelinin açılış mərasimində iştirak edib, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub, Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Bu səfərlərdən bəhs edən xəbərlər, eləcə də müsahibənin mətni yeni kitabda yer alıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə görüşü, "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması mərasimi barədə materiallarla, habelə mətbuata bəyanatların mətni ilə tanış ola bilər.

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Dövlətimizin başçısına Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni təqdim olunub, iki ölkə arasında sənədlər imzalanıb. Daha sonra prezidentlər mətbuata bəyanat veriblər. Bütün bunlarla yeni nəşrdə tanış olmaq mümkündür.

Yeni kitaba dövlətimizin başçısının İtaliya Respublikasına işgüzar səfəri, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi barədə informasiyalar, dövlətimizin başçısının mərasimdəki çıxışının mətni də daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan çoxcildliyin 121-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC