Azərbaycan Prezidentinə etimadı əks etdirən növbəti inam indeksi təqdim olunub
Digər xəbərlər

Azərbaycan Prezidentinə etimadı əks etdirən növbəti inam indeksi təqdim olunub

Noyabrın 17-də Azərbaycan Prezidentinin reytinqini əks etdirən səkkizinci inam indeksi jurnalının təqdimat mərasimi keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin "İnam indeksi" silsiləsinin davamı olaraq təqdim edilən icmalda 2022-ci ilin may-avqust aylarında Prezident İlham Əliyevin yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib. Məqsəd dövlətimizin başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə ictimai münasibəti öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin reytinqini əks etdirən səkkizinci inam indeksi jurnalının təqdimat mərasimində STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova, STM-in Sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev çıxış ediblər.

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva ictimai etibar və etimadın öyrənilməsi üçün respondentlərə ümumi sual ünvanlanıb və rəyi soruşulanların 95,3 faizi Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Birinci vitse-prezident Mehriban Əliyevaya münasibətdə rəyi soruşulanların 90,7 faizi müsbət mövqe ifadə edib. Yəni, onlar Birinci vitse-prezidentə etibar etdiklərini söyləyiblər.

Vurğulanıb ki, hakimiyyətin müxtəlif qollarının fəaliyyətinə də ictimai münasibət öyrənilib. Sorğuların nəticəsi onu göstərir ki, hakimiyyətin hər üç qolunun fəaliyyətinə münasibətdə respondentlərin rəyi oxşarlıq təşkil edir.

Dövlətimizin başçısının ölkəmizin ictimai-siyasi, postmüharibə dövründə sülh yaradıcılığı, o cümlədən informasiya-kommunikasiya siyasətinə dair ictimai rəydə bu fəaliyyətə münasibətlə bağlı göstəricilərlə əlaqədar qeyd olunub ki, sorğunun keçirildiyi müddətdə Azərbaycan Prezidentinin bütün sahələr üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilib. Prezident İlham Əliyevin reytinqi uzunmüddətli münaqişəni həll etdikdən sonra nəzərəçarpacaq dərəcədə artıb və artmaqda davam edir. Dövlətimizin başçısının hərbi-quruculuq siyasəti bütün cəmiyyət tərəfindən dəstəklənir.

Eyni zamanda, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı fəaliyyəti, sosial-iqtisadi sahədəki dövlət siyasəti, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və daimi məskunlaşmanın təmin olunması kimi məsələlərlə bağlı vətəndaşların rəyləri soruşulub. Nəticələr onu göstərir ki, Azərbaycan Prezidentinin bütün sahələrdə fəaliyyəti vətəndaşlarımız tərəfindən ümumilikdə müsbət qiymətləndirilib.

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub.

AZƏRTAC