Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündəki çıxışı dünya mətbuatının diqqət mərkəzindədir
Digər xəbərlər

Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündəki çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündəki çıxışında verdiyi mesajlar dünya mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, xarici KİV-də müxtəlif dillərdə yayılan xəbərlərdə Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi fikirlərə geniş yer verilib, Zirvə Görüşünün əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd edilib ki, bu Zirvə Görüşü hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.

Özbəkistanın UZA milli xəbər agentliyi "Kun.uz" saytı, Yaponiyanın "ajmedia.jp" portalı və Qırğızıstanın "Kabar" informasiya agentliyinin yaydığı məlumatlarda dövlətimizin başçısının Zirvə Görüşündəki çıxışında Qarabağ münaqişəsinin tarixdə qalması, islamofobiya və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasına çevrilməsi ilə yanaşı, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın problemlərinə toxunmasına da diqqət yetirilib. Bununla əlaqədar Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: "Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".

Həmçinin məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə Prezident İlham Əliyevin fikirlərinə yer verilib, Azərbaycan Liderinin türk dövlətlərinin başçılarını azad olunmuş ərazilərə səfərə dəvət etdiyi vurğulanıb.

Azərbaycan Prezidentinin Zirvə Görüşündə xaricdə yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər, eləcə də keçirdiyi görüşlər Gürcüstan mediasının da diqqət mərkəzində olub. Bu ölkənin "24news.ge", "aktual.ge", "interpress.ge", "gaxa.ge" informasiya portalları, "1tv.ge" ictimai televiziyası dövlətimizin başçısının çıxışından müxtəlif xəbərlər hazırlayıb.

İnformasiyalarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı ölkə xaricində yaşayan azərbaycanlıların ana dilində təhsil almalarının vacibliyini bildirərək deyib: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".

Rusiyanın federal mətbuat orqanları Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü və Prezident İlham Əliyevin bu Görüşdə iştirakını, həmçinin birinci xanım Mehriban Əliyevanın Səmərqənddə bir sıra tədbirlərdə iştirakını geniş işıqlandırıb. Belə ki, TASS, "İnterfaks", "Vestnik Kavkaza" agentlikləri, "SNG.fm" radiosu, "News.ru" portalı və digər media orqanlarının materiallarında Türk Dövlətləri Təşkilatının genişlənməsi, Prezident İlham Əliyevin Sammitdə çıxışı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tədbir çərçivəsində "Zamanın ilğımları" adlı sərgi və "Əbədi şəhər" tarixi-etnoqrafik komplekslə tanış olmasına dair məlumatlar da yer alıb.

Prezident İlham Əliyevin TDT-nin IX Zirvə Görüşündə iştirakı və bu mötəbər tribunadan verdiyi mesajlar Türkiyənin də aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Qardaş ölkə mətbuatının yaydığı informasiyalarda dövlətimizin başçısının çıxışı, əsasən "Azərbaycan Prezidenti İlham Əliyev: Soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır" sərlövhəsi ilə təqdim edilib. Anadolu, DHA və İHA xəbər agentlikləri, "TRT Haber", "TGRT", "NTV", "TRT AVAZ" telekanalları, "Hürriyet", "Milliyet", "Yeni Şafak", "Sabah" və digər qəzetlər, habelə dövlət orqanlarının və aparıcı analitik mərkəzlərin rəsmi saytları Türk Dövlətləri Təşkilatının Səmərqənddəki Zirvə Görüşü barədə davamlı olaraq informasiyalar yayıblar. Azərbaycanın dövlət başçısının Səmərqənddə keçirdiyi ikitərəfli görüşlərə də geniş yer ayıran Türkiyə mediası diqqətə çatdırıb ki, Prezident İlham Əliyev TDT-nin IX Zirvə Görüşündə bütün türk dünyasını maraqlandıran ən aktual məsələlərdən bəhs edib.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycanın, Özbəkistanın, Türkiyənin birinci xanımlarının və Macarıstanın Baş nazirinin xanımının Səmərqənddə bir araya gəlmələri də Türkiyə mediasının diqqət mərkəzində olub.

AZƏRTAC