Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edirlər
Sosial həyat

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edirlər

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023- ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olmuşdur. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumtəhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında bu, 28 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990- ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatmışdır.

Diqqəti cəlb edən faktlardan biri nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artmışdır.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm ictimai-siyasi həyatında fəal iştirak edirlər.

"Respublika".