Azərbaycan-Qazaxıstan: birgə əməkdaşlığın yeni inkişaf mərhələsi və hədəflər
Siyasət

Azərbaycan-Qazaxıstan: birgə əməkdaşlığın yeni inkişaf mərhələsi və hədəflər

Azərbaycan-Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və qazax xalqları türkdilli  olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY və başqa təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2019-cu ildə dövlət başçısı seçilməsindən sonra avqustun 24-də Azərbaycana ilk rəsmi səfəri həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün mövcud olan imkanlardan  maksimum istifadə edilməlidir. İmzalanan sənədlərdə  ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək məqamlar yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi səfərin yaddaqalan və qürurlu anlarından oldu. Qazaxıstan Prezidenti deyib: "Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının "Altın kıran" ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir. Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər".

2021-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 mln. ABŞ dolları təşkil edib. 1995-2021-ci illər ərzində Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 mln. dollardan çox, Qazaxıstanın isə Azərbaycanın qeyri-neft sektoruna sərmayələri təxminən 100 mln. dollar təşkil edib: "Azərbaycan əlverişli biznes və investisiya mühiti ilə tanınır. Ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi buna sübutdur. Onların arasında Qazaxıstan kapitallı 159 şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) var. Qazaxıstan bazarında Azərbaycan şirkətləri də təmsil olunur. Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində bütün məsələlərin müzakirəsi üçün səmərəli platforma rolunu oynayan ölkələrimiz arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu ayrıca qeyd etmək lazımdır. Ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcminin üç dəfə artdığını, yəni müsbət dinamikanın qorunub saxlanıldığını diqqətə çatdıran Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  vurğulayıb ki, mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də, bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər. "Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək".  Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib. Əmtəə dövriyyəsinin artırılması istiqamətində böyük potensialın olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi - 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır". Azərbaycan Prezidenti bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələlər, humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. "Bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir", - deyə dövlətimizin başçısı vurğulayıb. Danışıqların yekunlarına əsasən Kasım-Jomart Tokayev və İlham Əliyev Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar. İki ölkə arasında həmçinin ticarət-iqtisadi, kommunikasiya, mədəniyyət, medianın inkişafı, aerokosmik və tranzit yükdaşımalar sahəsini əhatə edən sənədlər imzalanıb.

"Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər", - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanların artıq bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən Prezident İlham Əliyev deyib: "Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var". Xatırladaq ki, "Orta Dəhliz" kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanır və yeni İpək Yolunun bir hissəsidir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa dünyası ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi olan Aktau dəniz şimal terminalı yükləri İran, Rusiya və Azərbaycan limanlarına göndərir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) əsas nöqtələrindən olan Aktau dəniz ticarət limanı, Kurık limanı və Aktau dəniz şimal terminalı daşımaların həcmini 2 dəfə artırıb. 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfədəyək artacağı gözlənilir.

Qeyd edək ki, hazırda dünyada çətin geosiyasi vəziyyətlərin nəticəsi olaraq ənənəvi logistika əlaqələri ciddi şəkildə pozulub. Bu baxımdan, Şimal dəhlizinin Rusiya-Ukrayna müharibəsi səbəbindən işlək olmaması Orta Dəhlizi Rusiyadan yan keçərək Avropa ilə Çin arasında alternativ yol kimi gündəmə gətirib. Türkiyə, Azərbaycan və Qazaxıstan tam başa düşürlər ki, bu gün Orta Dəhlizin potensialının və səmərəliliyinin artırılması daha da yaxınlaşma tələb edir. Ona görə də, tranzit darboğazlarını aradan qaldırmaq və siyasətlərini uyğunlaşdırmaq üçün tədbirlər görülür. Belə ki, iştirakçılar razılaşıblar ki, yük axınlarının artması ilə bütün limanlarda texniki və tarif şərtlərinin modernləşdirilməsi zəruri olacaq. Paralel olaraq, Mərkəzi Asiya Azərbaycanın yanaşmasında tədricən yeni xarici siyasət vektoruna çevrilir. Azərbaycan bölgənin və bütün region ölkələri arasında əməkdaşlığın inkişafında fəal iştirak edir. Azərbaycan, Qazaxıstan və Türkiyə Xarici İşlər və Nəqliyyat nazirliklərinin rəhbərlərinin yeni görüş formatı Avropa ilə Asiya arasında nəqliyyat kommunikasiyaların yaxşılaşmasına xidmət edəcək. Birgə səylərlə bu formatın regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi üçün effektiv platforma kimi özünü doğruldacağına əminlik var. Qazaxıstanla imzalanan Bəyannamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə də misilsiz töhfə vermiş olacaq. Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. Prezident İlham Əliyev  deyib: "Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...".

Qazaxıstan Prezidenti Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında qeyd edib ki, bu il oktyabrın ortalarında Qazaxıstanda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Azərbaycan Prezidentinin bu forumda iştirakı istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq. Ümumiyyətlə,  bu səfər və Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fikirləri hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul olunur.

Mustafa KAMAL,

"Respublika".